UTECA-nın Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları Göygöl Milli Parkına səfər ediblər Azərbaycan Texnologiya Universitetinin (UTECA) Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları, Qida Mühəndisliyi fakültəsinin elmi işlər üzrə dekan müavini Qasımova Afət, ekologiya, ekologiya mühəndisliyi, eləcə də turizm və otelçilik ixtisaslarında təhsil alan tələbələr Göygöl Milli Parkına səfər ediblər. Ekspedisiyanın məqsədi biomüxtəlifliyin qorunması üçün Azərbaycan Respublika sı Qırmızı kitabına daxil olan növ müxtəlifliyinin tədqiq edilməsi və ekoloji turizmin yeni inkişaf istiqamətlərinin araşdırılması olub. Səfər zamanı kafedranın bir qrup əməkdaşı və tələbələri Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev və baş elmi işçi Zaur Məmmədovla görüşdə olublar. Fuad Quliyev çıxış edərək görüşün məhz bugünə - ekoloqların peşə bayramına təsadüf etməsini xüsusi günü daha da əlamətdar etdiyini bildirib, ölkədə ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki elmi tədqiqat məqsədilə təşkil olunmuş ekspedisiyalar tələbələr üçün olduqca vacib, onların ixtisaslı kadr kimi yetişməsində böyük əhəmiyyətə malikdir. F.Quliyev bu qəbildən təşkil olunan səfərlərə görə universitet rəhbərliyinə təşəkkür ünvanlayıb. Daha sonra F.Quliyevin müşayiəti ilə çətin keçilən relyefə malik Qaragöl marşrut xətti üzrə hərəkət təşkil olunub.  Ekspedisiya çərçivəsində Göygöl Milli Parkında kafedranın professoru Elşad Məmmədovun elmi-praktik seminarı keçirilib. Seminarın sonunda Göygöl Milli Parkının əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.  Eyni zamanda Göygöl Milli Parkı ilə kafedranın qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.