Azərbaycan Texnologiya Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəvəti ilə Gəncədə keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib. Tədbirdə UTECA-nı tədris və sənaye işləri üzrə müşavir dos. Aqil Eyvazov təmsil edib.Tədbir zamanı çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, “KOB Fest” Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.Tədbirin rəsmi açılış hissəsinin ardınca qonaqlar və ziyarətçilər sərgi ilə tanış olublar. Xan Bağı ərazisində təşkil olunan Gəncə “KOB Fest”də 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri təqdim edilib. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar tərəfindən yarmarkada qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, əl işləri nümayiş olunub.“KOB Fest” çərçivəsində həmçinin, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilib, biznes xidmətlər göstərilib, mədəni-əyləncəli proqram təşkil edilib.Sayca üçüncü dəfədir təşkil olunan “KOB Fest” bundan əvvəl Bakı şəhərində və Şəmkir rayonunda keçirilib.