Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov basketbolçu tələbələrlə görüşüb. Görüşdə rektor tələbələri son zamanlar qazandıqları nailiyyətləri münasibəti ilə təbrik edərək ölkədə idmanın inkişafına dövlət dəstəyindən və qayğısından danışıb. Rektor bildirib ki, Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir: “Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirməsi, eləcə də idmançılarımızın dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələri üçün onlara bütün şəraiti yaratmasının nəticəsidir” –deyə A.Süleymanov əlavə edib. Komanda üçün yeni dizaynda idman geyimi dəsti hazırlanmasına dair göstəriş verdiyini qeyd edən rektor tələbələrə yarışlarda uğurlar və dərslərində müvəffəqiyətlər arzulayıb, qarşıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda UTECA tələbələrininin uğur qazanacağına əminlik ifadə edib.Universitetin İdman klubunun direktoru, basketbol üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Süleymanov isə öz növbəsində yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib.Görüş zamanı komanda üzvləri və məşqçiləri təşəkkürnamə ilə təltif edilib.Xatırladaq ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş basketbol üzrə ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin yarışında UTECA komandası bütün rəqiblərini dəf edərək şəhər spartakiadasının qalibi olub.