14 aprel 2022-ci il tarixində "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Gələcək üçün bacarıqlar" layihəsinin təqdimat mərasimi keçirilmişdir. Sözügedən layihəyə 9 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycan Texnologiya Universiteti qoşulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ali təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti) rəhbərləri və digər şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycan Texnologiya Universitetini tədris işləri üzrə prorektor Yaşar Ömərov təmsil edib. Təqdimat mərasimində "Gələcək üçün bacarıqlar” layihəsi barədə ətraflı məlumat təqdim olunub. Həmçinin təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib. Tədbir zamanı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.