Seminarda Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İ.M.Frank adına “Neytron fizikası” laboratoriyasının böyük elmi işçisi, f.f.d. Afaq Mədədzadə “Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunda İBR-2 nüvə reaktorunda aparılan ekoloji tədqiqatlar”, Azərbaycan Texnologiya Universitetinin dissertantı Şəhla Nuhuyeva isə “Hava çirkləndiricilərinin  fiziki-kimyəvi monitorinqi” adlı məruzələrlə çıxış ediblər. Afaq Mədədzadə “Neytron fizikası” laboratoriyasında ətraf mühitin mühafizəsi sahəsində aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Məruzəçilər bildiriblər ki, atmosfer havasının keyfiyyətinə nəzarət insan sağlamlığının və davamlı inkişafın təmin edilməsində vacib aspektlərdəndir. Atmosfer havasının ağır metallarla və digər kimyəvi elementlərlə çirklənməsinin mamırların tədbiqi ilə biomonitorinqi isə olduqca sadə, perspektivli, effektiv və iqtisadi cəhətdən səmərəli üsullardandır. Tədqiqatların aparılmasında neytron aktivləşdirmə analizi üsulu istifadə edilir ki, məruzələrdə bu üsulun üstünlükləri vurğulanıb. Maraqlı çıxışdan sonra məruzəçilər auditoriyanın mövzuya dair suallarını cavablandırıblar.