Azərbaycan Texnologiya Universitetində (UTECA) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu qəbildən tədbirlərdən biri UTECA partnyorlarından olan “AzerGold” QSC ilə birgə həyata keçirilib. Bu dəfə universitetdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyevin tələbələrlə görüşü təşkil edilib. Karyeraya uğurlu keçid mövzusuna həsr olunan görüşdə Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin tələbələri iştirak edib.Valid Əliyev “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” adlı çıxışında gənclərin öz istəyinə çatması üçün atılacaq addımlardan danışıb. Karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması və beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.Mövzuyla bağlı suallar cavablandırıldıqdan sonra kimya, metallurgiya, maşın mühəndisliyi və logistika, eləcə də digər ixtisasların tələbələri arasında CV hazırlanması haqqında sorğu və viktorina keçirilib. İntellektual yarışda ən fəal tələbə - Məryəm Əhmədova “AzerGold”un hədiyyəsi ilə mükafatlandırılıb.