Mövcud tədris planlarına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin buraxılış kursunda təhsil alan tələbələrinin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam etməkdədir. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.Cari ilin 31 mart və 1 aprel tarixlərində Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “Gəncə Tekstil” ASC, “Kapital Bank” ASC və “Azərallüminium” MMC-də olmuş və sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunmuş, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cari ilin 16 fevral tarixində başlamış istehsalat təcrübəsi tədris planlarına əsasən 14 həftə müddətində davam edəcək.