İgid oğulları, ismətli qız gəlinləri ilə həmişə yad xalqlara örnək, nümunə olan xalqımız zaman-zaman mənfur qonşularımızın hücumlarına məruz qalmışdır. Vətənimizin cənnətə bənzər təbiətində, səfalı dağlarında, məhsuldar torpaqlarında həmişə hiyləgər düşmənin gözü qalmışdır. Ermənilər bu cənnətə bənzər yerləri sahiblənmək istədikləri üçün dəfələrlə öz hiylələrini həyata keçirmək istəmişlər. Nəticədə Azərbaycan xalqına çox böyük ziyan vurulmuş, itkilərimiz olmuşdur. Bütün döyüşlərdə zəfər çalan millətimiz 1918-ci il mart ayında anidən düşmənin silahlı hücumuna məruz qalmışdır. Planlı şəkildə edilən hücum nəticəsində erməni daşnaqları Bakı quberniyasında Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə əhaliyə olmazın işgəncələrini vermiş, 12000-dən çox dinc əhali qətlə yetirilmişdir. 1918-ci il mart ayınının 30-dan aprelin 3-nə kimi davam edən qırğın Şamaxıda 7000 dinc əhalinin çox amansızca qətlə yetirilməsi ilə nəticələndi. Qətlə yetirilənlərin 1653 nəfəri qadın, 965-i uşaq idi. Şamaxıda törədilən kütləvi qırğında 120 kənddən 86 kənd yerlə yeksan olmuşdur. Kütləvi qırğın Qubada da çox böyük faciə ilə nəticələnmişdir. Burada 2900 şəhid olmuş, 4000-dən çox əhali işgəncəyə məruz qalmışdır. 122 kənd darmadağın edilmişdir. 1918-ci ilin mart soyqırımı bəşəriyyətdə ən qanlı soyqırımlardan biridir. Bu faciədə ermənilər odlu silahlarla bərabər soyuq silahlarla əhalini min bir işgəncələrlə qətlə yetirmişdir. Ermənilər dinc əhalini qılınclardan keçirmiş, başlarına mismarlar çalmışlar. Olmazın əzabını verərək qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də faciənin araşdırılması barədə qərarlar qəbul etdi, 1919-cu və 1920-ci ilin mart ayının 31-i Ümummilli Matəm Günü kimi qeyd edildi. İllər sonra azğın, mənfur düşmən öz bəd əməllərini bir daha təkrar etməyə nail oldu. Ölkəmizin dilbər güşəsi olan Qarabağ, Zəngəzur, Göyçə mahalında yaşayan Azərbaycanlılar dədə-baba yurdlarından məcbur köçürülməyə vadar edildi. 1992-ci ilin qarlı fevral günündə Xocalıda yaşayan azərbaycanlılar qəddarcasına qətlə yetirildi. 70 illik Sovet hakimiyyəti sona yetdikdən sonra müstəqil Azərbaycan dövlətinin yaranmasından sonra Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da Azərbaycan soyqırımı haqqında fərman imzaladı. Həmin gündən 31 mart tarixi Azərbaycan Soyqımı Günü kimi qeyd edilir.
Nurlana Kazımova
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi fizika kafedrasının müəllimi