Azərbaycan - regionun lider ölkəsi Müstəqillik əldə etdiyimiz ilk illərdə iqtisadiyyatımız çox çətin vəziyyətdə idi. Bu azmış kimi ölkəmiz bir də Qarabağ savaşı ilə üz-üzə qalmışdı. Bədxah qonşularımızın illər öncədən gizli-gizli hazırlıq görüb, ani hücum etmələri dövlətimizi və xalqımızı çox çətin vəziyyətə salmışdı. Həmin illərdə ölkəmizdə istehsalat kəskin azalmış, ÜDM minimum səviyyəyə enmişdi. 1994-cü ilin mayında imzalanan atəşkəsdən sonra dövlətin qarşısında uzun bir yol var idi. Bu yol inkişaf yolu idi. İqtisadi inkişafa nail olmaq üçün əsas prioritet məsələ infrastrukturun bərpa edilməsi idi. Eyni zamanda ölkəyə xarici investisiya cəlb edilməli, ölkə iqtisadiyyatına təkan verilməli idi. 1994-cü il xalqımız üçün bir dönüş ili olacaqdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində eyni ildə həm atəşkəsin imzalanması, həm də Əsrin Müqaviləsinin həyata keçirilməsi ölkə müstəqilliyimizi möhkəmləndirdi. Həmin ilin 20 sentyabrında dünyanın nəhəng neft şirkətləri ilə dövlətimiz arasında Əsrin Müqaviləsi imzalandı. Bu müqavilənin imzalanması ayrı-ayrı böyük xarici şirkətlərin də diqqətini çəkdi. Ard-arda ölkəyə xarici investisiyalar cəlb olunmağa başladı. Əsrin Müqaviləsindən təkan alan ölkə iqtisadiyyatının ətalətə uğramaması üçün bunun davamı gəlməli idi. BMT-nin Davamlı inkişaf konsepsiyasını rəhbər tutan Ulu öndər Heydər Əliyev ölkənin inkişafı naminə bir çox mühüm qərarlara imza atmışdır. 2 mart 2001-ci il tarixli, 636 saylı sərəncamı ilə “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”, Azərbaycanda Davamlı İnsan inkişafı strategiyası”nın hazırlanması haqqında 30 oktyabr 2001-ci il tarixli, 198 saylı sərəncam və s. kimi sərəncamlarla iqtisadi inkişafın qanuni əsasları formalaşdırılmışdır. Heydər Əliyev siyasi-iqtisadi irsinin davamı olaraq Prezident İlham Əliyev də möhkəm təməllər üzərində duran Azərbaycan iqtiyyatının davamlı inkişafı yolunda böyük işlər görməyə davam edir. Sadəcə enerji siyasətini gözdən keçirsək qloballaşan dünya iqtisadiyyatı ilə necə ayaqlaşdığımızı aydın görmək olar. Ölkəmiz hal-hazırda neft-qaz ixracı ilə bərabər elektrik enerjisi də ixrac etməyə başlayıb. Dörd qonşu ölkə - Türkiyə, Gürcüstan, İran və Rusiyaya elektrik enerjisi ixrac olunur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk kimi neft kəmərləri ilə yanaşı, Cənub qaz dəhlizi ilə də qaz ixrac edən ölkəmiz dönyanın böyük neft-qaz ixrac edən ölkələri sırasına qatılıb. Cənub qaz dəhlizi həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bu həm də bizim siyasi sabitliyimiz deməkdir, Rusiya asılılığının azaldılması deməkdir, müstəqilliyin qarantı deməkdir. Avropanın qazla təmin edilməsi baxımından da Rusiya asılılığının azaldılması deməkdir. Yuxarıda sadalanan bütün nüanslar ölkəmizi strateji baxımdan bütün dünya ölkələri üçün vacib bir ölkəyə çevirib. İndiki və gələcək nəsillərin üzərinə düşən isə əldə edilən siyasi və iqtisadi nailiyyətləri qoruyub saxlamaq, bununla bərabər texnoloji yeniliklərlə davamlı inkişafı təmin etməkdir.