Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bu günə kimi tutduğu inkişaf yolu və bu yolda atılan müvafiq addımlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. İqtisadiyyatın hər sahəsində inkişafa nail olmaq və neft sektorundan asılılığın aradan qaldırılması üçün müxtəlif dövlət proqramları işlənib hazırlanmışdır. Regionların inkişafı üzrə 2014/2018-ci illərin və 2019/2023-cü illərin dövlət proqramları bu tədbirlərin əsasını təşkil edir. Prezident İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə “Moskovskiy komsomolets” qəzetinin baş redaktoru Pavel Qusevin Azərbaycanın turizm potensialına toxunması və bu sahədə ölkəmizin Türkiyə ilə rəqabət aparması fikri diqqət çəkdi. Prezident İlham Əliyev öz ifadəsiylə desək bunun çox da ağlabatan fikir olmadığını qeyd etdi. Burada bir çox fərqli nüanslar var. Türkiyənin turizm sənayesi dünyanın ən yaxşılarındandır. Bizdə isə bu sahə nisbətən yenidir. Turistlərin Türkiyəni ziyarət etmək üçün bir çox səbəbləri var. Birincisi Türkiyənin turizm üçün çox əlverişli iqlim şəraiti var, Aralıq dənizinin suyunun dünyada tayı-bərabəri yoxdur. Tarixi yerlər baxımından da Türkiyə çox zəngindir. Ən əsası isə qardaş ölkədə turizm sahəsində xidmət yüksək səviyyədədir. Bizdə isə Turizm yeni olduğundan bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac var. Ölkəmizi ən çox Rusiya vətəndaşları ziyarət edir. Rusların və keçmiş Sovet xalqlarının bizi seçmələri üçün onların özlərini öz evlərindəki kimi hiss etmələrini təmin edə bilərik. Burada əsas nüans dil mühitidir. Pandemiyadan əvvəl, 2019-cu ildə Rusiyadan Azərbaycana bir milyona yaxın turist gəlib. Azərbaycan Respublikası ərazisində onlar özlərini rahat, doğma mühitdə hiss edirlər. Bütün turizm xidmətləri ilə yanaşı dil mühiti və qarşılaşdıqları ab-hava onları buraya cəlb edən nüanslardandır. Qeyri-neft sektorunun əsas prioritet sahələrindən olan turizmin inkişafı üçün dövlət tərəfindən görülmüş məqsədyönlü tədbirlərin nəticəsində xeyli nailiyyətlər əldə edilmişdir. Ötən illərlə müqayisədə ölkəmizi ziyarət edən turistlərin sayı sürətli şəkildə artmağa davam edir. Pandemiya dönəmində bir qədər fasilələr olsa da bu ildən turizm sahəsi yenidən canlanmağa başlayıb. Azərbaycana gələn əcnəbilər və xarici ölkə vətəndaşlarının sayı 2008-ci ildə 1.898.939 nəfər olmuşdur. Həmin ildə ölkəmizi ən çox ziyarət edən Rusiya vətəndaşlarının sayı olmuşdur: 630.860 nəfər. Bu sıralamada Türkiyə vətəndaşlarının sayı 4-cü sırada yer alır: 157.827 nəfər. Pandemiyaya qədər ölkəmizi ziyarət edənlərin sayı artan sıra ilə davam etmişdir. 2019-cu ildə bu say 3.170.373 nəfərə çatmışdır. Bu sıralamada yenə Rusiya vətəndaşlarınin sayı ən çox olmuşdur. Bütün illərin nəticələrinə baxarkən Rusiya vətəndaşlarının sayının çox olması müşahidə olunur. Keçmiş Sovet ölkələrindən gələnləri də bu saya əlavə etsək bu potensial turist axımı bizim üçün nə qədər önəmli olduğunu və onlardan nə qədər gəlir əldə etdiyimizi aydın görmək olar. Bu xalqların ortaq dilinin Rus-dili olduğunu nəzərə alaraq turizm sektorunda bu dilin aktuallığını qoruduğunu etiraf etməli oluruq.