Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub. İki ali təhsil ocağının əməkdaşlıq münasibətləri ötən həftə imzalanan anlaşma memorandumu ilə rəsmiləşdirilib. Əməkdaşlıq çərçivəsində ilk görüş baş tutub. Onlayn şəraitdə keçən görüşdə hər iki universitetin prorektorları çıxış edib.Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru dosent Yaşar Ömərov beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsinin universitetin beynəlmiləşdirilməsində xüsusi əhəmiyyətindən bəhs edib və iki universitet arasındakı əməkdaşlığın məhsuldar olacağına inamını ifadə edib. Daha sonra UTECA-nın İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Fizuli Məmmədov xarici kolleqalarını Azərbaycan Texnologiya Universitetinin tarixi və hazırkı vəziyyəti ilə tanış edib. UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev fakültədə aparılan elmi tədqiqat işləri barədə məlumat verərək sənayedə tətbiqini xüsusilə vurğulayıb, universitet-sənaye əlaqələrinin UTECA üçün prioritet olduğunu qeyd edib. Qazaxıstanın Almatı Texnologiya Universitetinin digər nümayəndələri də çıxış edərək əməkdaşlığın həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında imzalanan memorandum hər iki ali təhsil müəssisəsinin təhsil və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Sənədə əsasən universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və s. kimi əməkdaşlıq nəzərdə tutulub.