“Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır”. – bu sözlər Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xöşməramlı səfiri, birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur. Azərbaycan vətəndaşı hər zaman bu sözlərin müəllifinin cəmiyyətin həssas təbəqələrinə göstərdiyi qayğının, dövlətin gələcəyi olan uşaqlara ayrılan diqqətin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağının şahididir. Hər bir dövlətin varlığı, inkişaf etmiş ölkələr sırasında yer ala bilməsi üçün lazım olan əsas faktorlardan biri də onun görkəmli şəxsiyyətlərinin dövlət üçün göstərdiyi xidmətlərdir. Mehriban Əliyeva özünün insanpərvərliyi, alicənablığı, yüksək erudisiyaya sahib olması, zəngin fəaliyyəti, təşəbbüsləri, gerçəkləşdirdiyi layihələri ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada böyük nüfuza malikdir. Bu gün Azərbaycan bütün dünyada öz milli-mənəvi dəyərləri ilə seçilən, həm də öz dəyərlərinə sahib çıxan sivil bir ölkə kimi tanınır. Müstəqilliyimizin bərqərar edildiyi ilk zamanlardan başlayaraq ölkəmizin ictimai-humanitar həyatının bütün sahələrində geniş fəaliyyətə başlayan Mehriban xanım Əliyeva 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradaraq ona rəhbərlik etməyə başladı. Fondu yaratmaqda əsas məqsəd Azərbaycan mədəniyyətini dünya miqyasında daha yaxşı tanıtmaq, geniş təbliğ etmək, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, beynəlxalq əlaqələrin formalaşması və incəsənət xadimlərinə maddi yardım göstərilməsindən ibarət idi. İlk gündən əsas işi üç istiqamətdən ibarət olan Fond xeyriyyə aksiyaları, mədəni tədbirlər və naşirlik işlərinə xüsusi diqqət ayırdı. Azərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin təşkil edilməsi, “Azərbaycan-İrs” jurnalının xüsusi nömrələrinin çap olunması, müxtəlif sənətkarların mahnı albomlarının buraxılması, Azərbərbaycanda xarici ölkə incəsənət xadimlərinin konsertlərinin, teatr tamaşalarının, təqdimat mərasimlərinin, sərgilərin, festivalların, mədəniyyət günlərinin təşkili, dünya şöhrətli incəsənət xadimlərinin Bakıdakı çıxışları bu qəbildəndir. “Bakı Muğam Mərkəzi”nin yaradılması mədəni tədbirlər istiqamətində atılan addımlar arasındadır ki, bununla da Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək bir daha milli dəyərlərimizə sahib çıxmağın göstəricisidir. “Bakı payızı” Beynəlxalq festivalının, IX Şərq-Qərb Bakı beynəlxalq kino festivalının, Beynəlxalq Bakı Caz Festivalının təşkil edilməsi Azərbaycan Mədəniyyətinin Dostları fonduna beynəlxalq aləmdə də nüfuz qazandırmışdır. Milli-mənəvi dəyərlərimizin himayədarı və təbliğatçısı, Azərbaycan reallıqlarını bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Əgər bu gün Azərbaycan bütün dünyada davamlı inkişafı ilə tanınırsa, dünyaya mütərəqqi dəyərlər təqdim edə bilirsə, bunun əsasında xalqına və dövlətinə böyük məhəbbətdən, rəğbətdən qaynaqlanan, dərin ictimai və milli məzmun daşıyan fəaliyyət dayanır. 2004-cü il may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramının göstəricisi olaraq, eyni zamanda, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı və bu fonda rəhbərlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həvalə edildi. Fondun əsas işlərinə Azərbaycanın tərəqqisi – elm, təhsil, səhiyyə, idman, ekoloji və s. sahələrə aid layihələr hazırlayıb həyata keçirmək, elmi tədqiqatların aparılmasına yardım etmək, xarici ölkələrin təhsil müəssisələri, nüfuzlu elmi-tədqiqat müəssisələri ilə alimlərin mübadiləsini təşkil etmək daxil idi. Fondun dəstəyi ilə təkcə mədəniyyət sahəsində göstərilən xidmətlərə 2005-ci ildə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılmasını, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpasını, Abdulla Şaiqin ev-muzeyinin bərpasını, 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını, Gəncə qapılarının ilkin şəkildə qurulmasını, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulmasını, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşasını, Bakı Beynəlxalq Muğam Mərkəzinin inşasını, 2009-cu ildə Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşasını, Bakı Müasir İncəsənət Muzeyinin yaradılmasını, 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin inşasını, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikilməsini və s. misal göstərmək olar. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Bütün bunlar onu göstərir ki, xalqımızın keçmişdən miras qalan xeyriyyəçilik ənənələrinin bu gün geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2012-ci il fevralın 13-də Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, 2019-cu il yanvarın 18-də dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalına və ən əsası Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülüb. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Amma burada adları çəkilən və çəkilməyən bütün digər mükafatlar, ordenlər onu göstərir ki, peşəkar qərarların qəbul edilməsi, yüksək təşkilatçılıq, çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Ən böyük mükafatı isə xalqın ona olan sevgisi, inamı və etimadıdır. Çünki, özünün də qeyd etdiyi kimi, qarşıya çıxan yeni planlar və ideyalar məqsədləri xaraktercə dəyişsə də, dəyişməz olan Azərbaycan xalqına xidmət etmək amalı olaraq qalacaqdır.
Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi