İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdam rayonunda sənaye mərkəzi, Cəbrayıl rayonunda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcər rayonu ərazisində isə hasilat və turizm mərkəzi yaradılacaq. Bu 4 istiqamət işğaldan azad olunmuş ərazilərin inkişafının əsas təməl daşları hesab edilə bilər.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər. Təməli atılan bu müəssisələr yuxarıda qeyd etdiyimiz 4 istiqamətin tərkib hissələrindəndir. Ağdam rayonunun Qarabağla digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin yaxın gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının inşası da bu istiqamətdə atılan addımlardandır. Ağdam sənaye parkının tamamlanması üçün 190 hektar ərazi ayrılmışdır. Sənaye parkı Ağdam şəhərinə çəkiləcək əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində inşa edilir. Sözügedən sənaye parkı Azərbaycanda artıq fəaliyyət göstərən 4 parkın uğurlu təcrübəsi və beynəlxalq təcrübələrə əsaslanaraq inşa edilməyə başlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkında tikinti materillarının istehsalı müəssisələri, kənd təsərrüfatı məhsullarının qablaşdırılması müəssisələri, meyvə-tərəvəz konservləri istehsal edən müəssisələr, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı müəssisələri və bunların davamı olaraq xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili nəzərdə tutulub. Ağdam Sənaye Parkı sahibkarların böyük marağına səbəb olmağa başlayıb. Artıq bir sıra sahibkarlar parkda öz fəaliyyətlərini həyata keçirmək üçün necə deyərlər qeydiyyat sırasına düzülüb. Artıq 5 böyük sahibkarlıq subyekti parkın rezidenti kimi qeydiyyata alınıb. Hal-hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin, kanalizasiya və içməli su borularının istehsalı və s. sahələr üzrə layihələr təqdim olunmuşdur. Parkın 76 hektarlıq ərazisində inzibati binalar və parkın işçiləri ilə rezidentləri üçün yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Park ərazisindəki müəssisələrin hər tərəfli fəaliyyətinin təmin edilməsi və işçilərin iş doyumunun yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Bundan əlavə rezidentlər dövlət tərəfindən torpaq sahələri, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla bir sıra zəruri infrastrukturlarla təmin olunacaq. Burada kirayə haqları olduqca aşağı, gəlir və əmlak vergisindən 10 il müddətinə azadedilmə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların idxalı zamanı ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə təmin ediləcək. Bu isə öz növbəsində sənaye parkının rezidentləri üçün əlavə stimul olacaq. Qarabağ iqtisadi rayonu ərazisində yaradılan biznes fürsətləri, güzəştlər və geniş imkanlar bölgəni daxili və xarici investorlar üçün cazibədar hala gətirib. Hal-hazırda Qarabağ ərazisində istər müxtəlif sənaye sahələrində, istərsə də digər sahələrdə iş görmək üçün çox geniş imkanlar yaranıb. Bölgənin iqtisadi potensialı və bu potensialı üzə çıxarmaq üçün yaradılan imkanlar bunu deməyə əsas verir. Yerli və xarici şirkətlərin bölgəyə axın etməyə başlaması burada geniş iş imkanlarının yaranmasına gətirib çıxaracaq bu da öz növbəsində minlərlə ailənin həyat şəraitinin yüksəlməsini təmin edəcək. Sənaye parkında rezident kimi iştirak etmək istəyənlərin əksəriyyəti tikinti materialları istehsal edən şirkətlərdir. Bu isə onu göstərir ki, Ağdam rayonu ərazisində yaxın gələcəkdə böyük tikinti işləri həyata keçiriləcək. Tikinti işlərinin ardından isə ağdamlıların öz doğma yurd-yuvalarına köçürülməsinə başlanılacaq. Bunu işğaldan azad edilmiş digər ərazilərə də aid etmək olar. Qarabağımızın yenidən çiçəklənməsi və öz sahiblərinə qovuşması, orada yenidən körpə səslərinin eşidilməsi uzaqda görünmür.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti