Multikulturalizm ₋ ayrıca  götürülmüş  ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu  məkan olaraq,  milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir.  Azərbaycan Respublikası polietnik dövlətdir. Ölkədə müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar.  Xalq, dövləti təşkil edən etnosdan-azərbaycanlılardan və ruslar, ermənilər, ukraynalılar, belaruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlardan; talışlar, udinlər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlılar, ungiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlardan təşkil olunmuşdur. Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaya bilməsi faktı dövlətin idarəetmə siyasətinin uğurlu nəticəsidir. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yalnız dövlətin üzərinə düşən məsuliyyət deyil, həm də bütün vətəndaşların konstitusion vəzifələrindəndir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”. Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr  olunmuş  Gənclər  Forumunda  çıxışı  zamanı qeyd etdi ki, milli-mənəvi  dəyərlər   dövlətimizin   əsasını  təşkil  edir  və  müasir  müstəqil   Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz  daha  da  qüdrətli  olacaq, xalqımız   da   əbədi   azad, müstəqil  xalq  kimi  yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil  deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini  itirmədi, onları  qorudu. Azərbaycanın milli-mənəvi dəyərləri türk-müsəlman mədəniyyətinin də tərkib hissəsidir. Türkdilli хalqlar qədim, çохəsrlik tariхi bоyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vеrmiş, оnu zənginləşdirmişlər. Türk хalqlarının mədəniyyətləri, о cümlədən Azərbaycan milli mədəniyyəti nəsillərdən-nəsillərə ötürülərək хalqımızı özünəməхsus milli-mənəvi dəyərlər, о cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə еtmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir. Müasir dünyamızda hərbi-siyasi münaqişələrin, siyasi qütbləşmənin, islamafobiyanın, irqçiliyin, terrorizmin artdığı bir zamanda Azərbaycanın sabit və stabil bir ölkə kimi tanınması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı uğurların nəticəsi kimi qəbul etmək lazımdır. Hazırda Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsi tövsiyyə olunursa, bu deməli dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin bəhrəsidir. Məlumdur ki, multikulturalizm və tolerantlıq tarixən xalqımızın mental xüsusiyyətlərini özündə əks etdirən həyat nümunəsi olub. İndi də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir vətəndaşının dəyər verdiyi ənənəyə çevrilib. Məhz buna görə də, Azərbaycan multikulturalizmi modeli bütün dünyaya nümunə olmaqla, həm də ölkəmizin inkişafında, bəşəri birgəyaşayışın təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr  olunmuş  Gənclər  Forumunda  çıxışında   həmçinin qeyd etdi ki, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dünyanın tolerantlıq mərkəzidir. Ona görə də milli-mənəvi dəyərləri öyrənməli, mənimsəməli, inkişafı üçün ardıcıl tədbirlər həyata keçirməli, tənzimlənməsində yaxından köməklik göstərməklə layiqli töhfələrimizi verməliyik.  

 

Mehriban Tağıyeva 

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının dosenti