Azərbaycanın iqtisadi-siyasi modeli İtaliya qəzetinin diqqətində Avropa Komissiyyasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sərgilədiyi münasibət gələcəkdə iki dövlət arasında yekun sülh sazişinin imzalanmasına dəstək kimi qiymətləndirilir. Son görüşdə Azərbaycan və Ermənistan tərəfinin yeni reallıqlara uyğun yeni qonşuluq şəraitində sülh və əminamanlıq şəraitində yaşayışın mümkün olması şərti qəbul edilmişdir. Həmçinin kommunikasiyaların manesiz olaraq açılmasının müzakirə olunması 10 noyabr 2020–ci il üçtərəfli bəyanatın müddəalarının Avropa İttifaqı tərəfindən tam qəbul edilməsini göstərir. Bu proseslərin icrasında Avropa İttifaqının hərtərəfli dəstək vermək istəyi tədqirə layiqdir. Ona görə də yaxın gələcəkdə iki ölkə arasında yekun sülh sazişinin imzalanması mümkündür. Ölkə başçısının Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Oze” qəzetinə müsahibəsində olduqca məhsuldar müzakirələr aparıldığını qeyd etməsi bütün bunları deməyə əsas verir. Əvvəlcə bu müsahibədən bəzi məqamları, jurnalistin toxunduğu sual başlıqlarını və ölkə başçısının verdiyi cavabları vurğulamaq istərdim: Avropa İttifaqının Ermənistana 2 milyard dollar, həcmində, Azərbaycana isə 140 milyon dollar həcmində yardımın ayrılması - Dövlətlərə ayrılan yardımların fərqi 20 dəfədir. Bu, hər iki ölkənin real ehtiyaclarına uyğun deyil və ona görə ədalətsiz qərardır. Çünki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20%-ə qədər hissəsi tam dağıdılıbdır və bir milyona yaxın mina basdırılıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində Avropa İttifaqının rolu-Təklif olunmuşdur ki, Avropa Komissiyası öz fondları vasitəsilə minalardan təmizləmə prosesinə dair maliyyə yardımının ayrılmasını nəzərdən keçirsin və müvafiq Avropa şirkətləri bu sahədə fəaliyyətə başlasınlar. Azərbaycanda insan hüquqları və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət. - Təəssüflər olsun ki, hal–hazırki dövrdə Avropa təsistlarında Azərbaycanda insan hüquqları və media azadlığına dair problemlərin olması təəsüratı şişirdilib. Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulduğu halların mövcud olmasına göz yumurlar. Minsk qrupunun münaqişənin həll edilməsində məqbul olmayan fəaliyyəti. - Minsk qrupu 28 illik fəaliyyəti nəticəsində heç bir nailiyyəti əldə edə bilmədi. Əgər Minsk qrupunu təmsil edən üç nüvə dövləti və dünyanın ən güclü ölkələri Ermənistanın işğalını sona gətirə bilmədilərsə, deməli onların fəaliyyəti uğursuz olmuşdur. Minsk qrupunun fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etdikdən sonra iflic oldu. Azərbaycanın Cənub Qaz Dəhlizinin Avropa İttifaqı ölkələrinin qaz təchizatındakı rolu. - Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr olmaqla XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Bu layihə ilə Azərbaycan qazı Bakıdan Adriatik dənizin dibi ilə, yüksək dağlıq ərazilərədn keçərək İtaliyaya çatır. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Gələcəkdə Azərbaycan qaz hasilatını artırmaqla ixracatı da artırmaq imkanına malikdir. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz olunmuşdur. Azərbaycan gələcəkdə Mərkəzi Avropa ölkələrinə qaz ixrac etməyə qadirdir. Avropaya qaz ixracatının artırılmasında Rusiyanın münasibəti - Azərbaycanın neft kəmərləri, qaz kəmərləri layihələri regionda çox dostluq mühitində icra olunub. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmətlə yanaşır. Hazırda Azərbaycan ilə Rusiya arasında yaxşı balanslaşdırılmış münasibətlər mövcuddur. Azərbaycan iqtisadiyyatının neft və təbii qaz ixracatından asılılığı xeyli dərəcədə azaldılmışdır. - Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirsə, hazırda isə yarıdan da azdır. Azərbaycan iqtisadiyyatı strukturunun daha çox balanslaşdırılmış olmasına nail olunmuşdur. Son dövrdə qeyri-enerji layihələrinin ixracı 45% artdı. Energetikaya aid olmayan sənaye 20% artmışdır. Azad edilmiş ərazilərdə yeni imkanlar yaranması kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin sayəsində iqtisadiyyatın inkişafına öz təsirini göstərəcəkdir. İtaliya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin quruculuq işlərində iştirakı. - İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbə il artacaq. Həmçinin dost ölkə olaraq İtaliya azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət edilən ilk ölkələrdən biri olmuşdur. Birincisi Türkiyə olub, ikincisi isə İtaliyadır. Azərbaycanın Qərb və Şərq arasında, Çindən Avropaya qədər kommersiya və nəqliyyat habına çevrilə bilməsi. - Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycan Mərkəzi Asiyadan gələn mallar üçün transit ölkəyə çevrilmişdir. Çin də öz mallarını Avropaya daşıyır. Eyni zamanda Azərbaycan Şimal – Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlanan dəhlizin istismara verilməsi imkanı reallıqdır. Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi çox maraqlı və diqqətçəkən oldu. Ali Baş Komandan həm də “El Pais” qəzetinə müsahibə verdi. Bu qəzetlər dünyada çox məşhurdur və hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti provokasiya xarakterli mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu. Beləliklə bu müsahibə Azərbaycan rəhbərindən dünya siyasətçilərinə daha bir dərs, Azərbaycana qarşı olan qüvvələrə isə daha bir mesaj oldu. Eyni zamanda prezident Azərbaycanın iqtisadi-siyasi modelinin, əldə olunan nailiyyətlərin təqdimatını etmiş oldu. Bir sözlə, ölkə rəhbərinin Ermənistanı bir daha ifşa edən müsahibəsi bütün siyasi çevrələrdə həmişəki kimi maraqla qarşılandı.
Musa Cəfərov
Azərbaycan Texnologiya Universitetinin
Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri