Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün daim təşəbbüslər göstərir və bu təsəbbüslərin yerinə yetirilməsini nəzarətdə saxlayır. Axırıncı sosial islahatlar 2021-ci il, 16 oktyabrda verilmiş sərəncama əsaslanır. Həmin sərəncamda əhalinin həssas qruplarına yönələn ödənişlərin artırılmasına dair görüləcək işlər öz əksini tapıb. Növbəti ildən tətbiq ediləcək yeni islahatlar əhalinin çox böyük qrupunun maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsir edəcək. Bu qrupa sağlamlıq imkanları məhdud olan uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, 1-ci dərəcəli əlillərə qulluq edənlər, müddətli hərbi xidmətdə olanların uşaqları, doktorantlar, tələbələr və s. kateqoriyalar daxildir. Bundan əlavə növbəti ildən etibarən bir qrup doktorant və tələbəyə Prezident təqaüdləri verilməyə başlanılacaq. Qeyd etmək lazımdır ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi möhtərəm cənab prezidentin daim diqqət mərkəzindədir. Belə ki, birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud on səkkiz yaşınadək uşaqlara qulluq edənlərin müavinətləri 2022-ci ilin yanvar ayından etibarən əsaslı şəkildə artırılacaqdır. Vətən müharibəsi ilə əlilliyi olanlar da sərəncama əsasən sosial ödənişlərdən faydalanacaqlar. Yəni müharibə ilə bağlı əlilliyi olanlar pensiya almadıqları halda müavinət və təqaüd formasında ayda birinci dərəcə üzrə 700 manat, ikinci dərəcə üzrə 530 manat, üçüncü dərəcə üzrə 420 manat alacaqlar. Hörmətli prezidentimizin imzaladığı Fərman gənclərimizin də sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Belə ki, ölkəmizdə təhsil alan 132 min tələbə və doktorantı əhatə edərək müavinət və təqaüdlər də növbəti ilin yanvarından artırılacaq. Sağlamlıq imkanı məhdud olan uşaqlar da bu imkanlardan faydalana biləcəkdir. Həssas kateqoriyadan olan belə uşaqlar üçün 2019-cu ilin əvvəlindən sosial müavinətlər 82 manat idisə , 2022-ci ilin yanvar ayından 200 manat, təqaüd isə 80 manat olmaqla, ümumilikdə 280 manat miqdarında olacaqdır. Dövlət başçısının sərəncam və fərmanları ilə təhsil işçilərinin də sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Növbəti ildən etibarən yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edəcək. Bu məqsədlə dövlət büdcəsində 273 milyon manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə dövlət başçısının 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlar proqramı Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərdə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçidi göstərir. Bütün bu işlərdə Azərbaycan xalqının müzəffər Prezidentinə böyük uğurlar arzu edirəm.

 

Dos. Hamlet Kəsəmənli

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri