Azərbaycan Texnologiya Universitetində “Yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib. İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda əvvəlcə dövlət himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirə onlayn qoşulan UTECA-nın rektoru, professor Akif Süleymanov seminarın işinə uğurlar diləyərək bu kimi faydalı seminar və təlimlərin davamlı olmasını arzulayıb.Universitetin Elm və innovasiya üzrə prorektoru dosent Yaşar Ömərov Ulu Öndər Heydər Əliyevin qarşıdan gələn anım gününü xatırladaraq dahi şəxsiyyəti ehtiramla yad edib. Ümummilli liderin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını qeyd edən prorektor təşkil olunan seminarlarda tələbə aktivliyinin vacibliyindən, magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətinin müasir şəraitə uyğun təşkilindən də bəhs edib.İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri Füzuli Məmmədov isə seminarın gündəliyinə daxil olan mövzuların aktuallığına toxunaraq məruzəçilərə uğurlar arzu edib.Daha sonra II kurs tələbələri Nigar Hüseynovanın “Yerli özünüidarəetmə institutunun yaranması haqqında”, Urfan Cəfərovun “Azərbaycanda yerli özünüidarəetmə tarixi”, Asif Həsənovun “Bələdiyyələr haqqında məlumat”, III kurs tələbəsi Taleh Abbasovun isə “Azərbaycan Respublikasında yerli özünüidarəetmənin inkişaf mərhələləri” mövzusunda çıxışları dinlənilib.Seminar zamanı Azərbaycanda bələdiyyə tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu əks etdirən, eləcə də Gəncə şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarxlar izlənilib.