Torpaqlarımızın 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsinə həsr edilmiş hərbi parad 2020-ci il 10 dekabrında Bakı şəhərində keçirilib. Qələbə Paradını Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkəmizə qonaq kimi dəvət olunmuş Qardaş Türkiyə Respublikasının prezidenti Cənab Rəcəb Tayyib Ərdogan qəbul etmişdi.  Qələbə Paradına rəhbərliyi Respublika Müdafiə Nazirinin müavini general – leytenant Kərim Vəliyev rəhbərlik etmişdi. Azərbaycanın müzəffər ordusu Şuşanı işğaldan azad etdikdən sonra bu şəhərdə məğrurcasına dalğalanan Zəfər Bayrağı Bakı şəhərinə Hərbi Parada gətirilmişdi. Hərbi Parada həmçinin müharibə dövrdə erməni hərbi hissələrinin qoyub qaçdıqları hərbi texnikanın bir hissəsi də gətirilmişdi. Hərbi paradda iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 3000 nəfər hərbi qulluqçusu ayrılmışdı. Bundan əlavə Qələbə Paradında Qardaş Türkiyə Respublikasının Quru Qoşunları, Hərbi – Dəniz Donanmasının, Xüsusi Təyinatlı Qoşun hissələrinin əsgər və zabitləri də iştirak edirdilər. 2020-ci ilin 10 dekabrında parad iştirakçıları Azadlıq Meydanında hazır vəziyyətdə  paradın başlanmasını gözləyirdi. Nəhayət saat 13:00-da Hərbi Paradın başlanması barədə əmr verildi. Bu münasibətlə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanına və qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdogana raport verdi. Bundan sonra iki qardaş dövlətin rəhbərləri Qələbə Paradında iştirak edən hərbçilər qarşısından keçərək onları salamladılar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndi. Hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş komandanımız Cənab İlham Əliyev qəhrəman Azərbaycan xalqını və ordumuzu təbrik etdi. O, qeyd etdi ki, müzəffər ordumuz xalqımızın böyük dəstəyi ilə işğalçı Ermənistan ordusunu məhv edərək 30 illik əsarətdə olan torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan da paradda çıxış edərək Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik etdi. Cənab Rəcəb Tayyib Ərdoğan bir daha qeyd etdi ki, Azərbaycan xalqının işğalçı erməni ordusunu darmadağın etməsi Ənvər paşanın, Nuru paşanın, Qafqaz İslam ordusunun, həmçinin Mübariz İbrahimovun ruhunu şad etmiş oldu. Müzəffər Ali Baş Komandanımız  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qələbə Paradındakı çıxışından müəyyən sətirləri xatırlatmaq istərdim: “Bu gün tarixi bir gündür. Belə ki, Bakı səhərinin Azadlıq meydanında Zəfər Paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhur başqanı, əziz qardaşım  Rəcəb Tayyib Ərdoğan iştirak edir. Vətən müharibəsinin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını, sevindirir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Azərbaycan əsgərləri və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8–i 2020-ci il Şuşa şəhərinin işğalçılardan azad edilməsi tarixi nailiyyətimizdir. İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə yeksan etmişdir. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Çünki bu Zəfər Paradıdır. Bu tarixi hadisədir. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”. Qeyd etmək lazımdır ki, 10 dekabr 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Qələbə Paradında Zəfər bayrağı nümayiş olunmuşdu. Bu şanlı bayraq 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Ermənistanın işğalçılarından azad olunduqdan sonra Şuşa şəhərinin İcra Hakimiyyətinin binası üzərinə sancılmışdı. Bu bayraq Vətən müharibəsinin Zəfər bayrağı elan olunmuşdu. Zəfər bayrağı Vətən müharibəsindəki qələbəmizin əsas simvoludur.

 

Dos. Hamlet Kəsəmənli

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri