Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2019-cu ilin “Nəsimi ili” elan edilməsilə bağlı Azərbaycan Texnologiya Universitetində “Simadan - asimana” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Sərəncam ölkə rəhbərinin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilikdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyərin ifadəsidir. “Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir”- deyə rektor bildirib. Dəyirmi masa ətrafına toplaşanlar İmadəddin Nəsiminin yaşadığı tarixi dövr, onun fəlsəfi dünyagörüşü, hürufi ideyaları, şairin ədəbi dilə göstərdiyi xidmətlər və Nəsimi yaradıcılığında tolerantlıq mövzularıyla çıxış ediblər. Tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı video-çarx izlənib, UTECA tələbələrinin ifasında Nəsiminin qəzəlləri dinlənilib.