Yaxın tariximizin salnaməsini gözdən keçirdikcə bu cür faktlara, etiraflara, mülahizələrə daha çox rast gəlir, dili, dini, mədəniyyəti ortaq olan Azərbaycan-Türkiyə qardaşlığının zamanın sərt sınaqlarında bərkidiyinin, möhkəmləndiyinin şahidi olursan. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən ilin payızında başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Azərbaycan-Türkiyə, iki qardaş, dost ölkə. Bu qardaşlıq və dostluğun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun indiki mərhələyə yüksəlməsində XX əsrin əvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı-faydalı əməkdaşlıq əsas rol oynamışdır.  Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləməsi, Azərbaycanın haqlı savaşında hər zaman yanında olduqlarını açıq şəkildə deməsi bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılansa da, haqq-ədalətin qalib gələcəyinə inamımızı daha da artırdı. Türkiyə Prezidenti  bu məsələylə bağlı  verdiyi  çox açıq və sərt bəyanatları, mesajları  ilə  bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərdi və “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri ilə bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünyanı işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağı çağırmış, “Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, -deyə mövqeyini bəyan etmişdir.   Ikinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır.  Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir.Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi və diplomatik dəstək göstərmişdir. İkinci Qarabağ müharibəsi gedişində Azərbaycan Respublikası hərbi zəfərlə yanaşı, böyük diplomatik-siyasi uğurlarını da davam etdirmişdir. Qeyd edək ki, diplomatik müstəvidə Azərbaycanın belə güclü mövqeyə sahib olması - əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və son iki onillikdə uğurla davam etdirilmiş böyük dövlət strategiyasının nəticəsi olaraq qəbul edilməlidir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir.  Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində zəfəri Türkiyənin rəsmi dairələri ilə yanaşı, Türkiyə vətəndaşları tərəfindən də böyük sevinclə qarşılanmışdır. Bu böyük zəfərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları, dəstək mesajları göndərilmişdir. Prezident İlham Əliyev çıxışlarının birində  bildirmişdir: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı”. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə sülhün bərqərar olması işinə  öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 12 noyabr  2021-ci il  tarixində Türkiyənin İstanbul şəhərində keçirilən  VIII  Zirvə  Görüşündə  çıxışı   zamanı bildirmişdir ki, Vətən müharibəsinin    ilk  günündən  Türkiyənin  dəstəyi Qələbəyə  olan  inamımızı   daha da artırmışdır. Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqəsinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözləri bizə əlavə güc verdi.  Azərbaycan və Türkiyə arsında hazırda mövcud olan münasibətlər Şuşa Bəyyannaməsindən sonra artıq  İttifaq səviyyəsinə çatmışdır. Ölkələrimiz arasındakı, birlik, həmrəylik, qarşılıqlı hörmət əsasında qurulmuş əlaqələr bundan sonra da daha da möhkəmlənəcək. Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri tərəfindən Qarabağın azad edilməsində göstərilən səylərə və türk birliyinin daha da gücləndirilməsi işinə töhfələrinə görə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin  verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Ali Ordeni təqdim edərkən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə müraciət edərək, onu Müzəffər Ali  Baş Komandan adlandıraraq bildirdi ki,  qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün ərzində, qısa müddətdə son qoyuldu. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Azərbaycan  Prezidenti  İlham  Əliyev ona təqdim edilən  Türk  Dünyasının  Ali Ordenini qəbul edərkən öz təşəkkürünü bildirərək dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.  Bu bir dövlət başçısının, milli liderin öz xalqı ilə,  milləti  ilə  bütövlüyünün  bariz  nümunəsidir. İkinci Qarabağ müharibəsinin mühüm məqamları və müharibə ətrafında gedən beynəlxalq əhəmiyyətli hadisələri bir məqalə çərçivəsində təhlil etmək əlbəttəki  çətindir. Bu məqalədə biz həm müharibə ərəfəsində, həm də  müharibədən keçən az müddətdə əldə edilmiş hərbi və diplomatik-siyasi zəfərlərin fonunda Azərbaycan Respublikasının Türkiyə ilə dostluq münasibətlərinin qısa icmalını verdik.

 

İsrəfilova L.A.

Azərbaycan Texnologiya Universitetinin  

Avtomatika və informasiya texnologiyaları kafedrasının müəllimi