29 il öncə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. 29 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik tarixində yeri və rolunu anlamaq üçün bir sıra məqamlara toxunmaq zəruridir. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2013-cü il iyun ayının 7-də  Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir. 2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (84.54%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.    2018-ci il fevral ayının 8-də  Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.   2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %)  Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2021-ci il mart ayının 5-də  Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir. 2021-ci il mart ayının 5-də  keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyevın çıxında bu hissələr xüsusilə diqqətimi cəkmişdir: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiya tərəfindən üzvlərinin qeydiyyatı aparılır. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz. Şəxs Partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat şəxsi Partiyanın Nizamnaməsi və Proqramı ilə tanış etdikdən sonra onun barəsində zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlüyə qəbuletmə haqqında qərar Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən qəbul edilir və Mərkəzi Aparat tərəfindən Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir. Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat üzv barədə zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlükdən çıxma haqqında müraciət Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən təsdiq edilir. Üzvlükdən çıxan şəxs tərəfindən üzvlük vəsiqəsi Partiyanın yerli təşkilatına təhvil verilir. Azərbaycanın beynəlxalq əlaqələri günü-gündən genişlənir. Yeni Azərbaycan Partiyasının gələcək inkişafı və dahada böyük nailiyyətlər əldə edəcəyinə dair çox nikbin fikirlər var.

 

Pərvin Abbasova

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və informasiya texnologiyaları kafedrasının baş müəllimi