Azərbaycan xalqı 30 illik düşmən təcavüzü altında qalan torpaqlarını cəmi 44 günlük möhtəşəm bir savaşla azad etmiş və öz ərazi bütövlüyünü bərpa etmişdir. Haqqında uzun müddət danışılacaq bu parlaq qələbəmizin nəticəsi olaraq Azərbaycan-Rusiya-Ermənistan arasında 10 noyabr 2020-ci il bəyanatı imzalandı. İmzalanmış tarixi əhəmiyyətli bu bəyanat ilə Azərbaycan işğalçı ölkənin məğlubiyyətini rəsmiləşdirdi. 30 il ərzində ölkəmiz ATƏT-in Minsk qrupu formatında Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda fəal iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında həmişə qeyd edirdi ki, danışıqlar heç bir nəticə vermədiyi halda hərb yolunun seçilməsi  istisna deyil. Azərbaycan heç vaxt torpaqlarının işğalı  ilə barışmamış, işğalda olan ərazilərinin  azad olunması üçün danışıqlar porosesində iştirak edib. Ermənistanın işğal etdiyi ərazilərdə törətdikləri vəhşiliklərin cəzasız qalması, onları yeni-yeni torpaq iddiaları irəli sürməsinə cəsarətləndirirdi. Bu iddialarını həyata keçirmək üçün Ermənistan sentyabrın 27-si cəbhə xətlərində genişmiqyaslı təxribata başladı. Yaşayış məntəqələrimizin müxtəlif iriçaplı silahlardan atəşə tutulması  Azərbaycanın əks-hücum əməliyyatı ilə nəticələndi. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşmənlə qarşı-qarşıya döyüşdə yüksək rəşadət və qəhrəmanlıq göstərərək öz tarixi qələbəsini qazandı. Unutmaq olmaz ki, döyüşlər yalnız Azərbaycan ərazisində  gedirdi. Baxmayaraq ərazi bütövlüyümüzün bərpa olunması üçün BMT-nin 4 qətnaməsi qəbul edilmiş, düşmən təcavüzkar kimi qiymətləndirilmiş, lakin heç bir nəticə əldə olunmamışdı. Nəhayət, Azərbaycan xalqı  bu  tarixi qələbə ilə uzun bir müddətdə BMT-nin həyata keçirə bilmədiyi beynəlxalq hüqüq normalarının və sadəcə kağız üzərində yazılı şəkildə qalmış Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının, sərhədlərinin toxunulmazlığının zəruriliyini bildirən 4 qətnamənin icrasına nail oldu.  Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın vətən sevgisini, birliyini, iradəsini, əzmini əks etdirən  bu 44  günlük müharibə ilə ordumuz  işğal altında qalan  5 şəhər, 2 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdi. Bu şanlı qələbəmizin qazanılmasında Azərbaycan xalqının Dəmir Yumruq altında birləşməsinin böyük əhəmiyyəti oldu. Bu birlik bütün dünyaya sübüt etdi ki,  xalqımız iradəli, mərd və tarixi döyüş təcrübəsinə malik olan bir xalqdır.Şuşanın azad olunduğu gün- 8 noyabr 2020-ci il  tarixə ən şanlı bir gün kimi daxil oldu. Şuşa uğrunda gedən  əlbəyaxa döyüşlər Milli Ordumuzun tarixində bir  qəhrəmanlıq səlnaməsinə çevrildi. “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi” – bu sözlər Ali Baş Komandanımız İlham Əliyevin ordumuzun  qəhrəmanlığı haqqıında söylədiyi fikirlərdir. Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazandığımız bu savaşda Cəbrayıl, Füzuli, Qubadlı Zəngilan rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələrinin azad edilməsi düşmənin hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi. Həmçinin noyabr 9-da Azərbaycan Ordusu tərəfindən 72 yaşayış məntəqəsinin azad edilməsi  10 noyabr bəyanatının imzalanması üçün zəmin rolunu oynadı. İmzalanmış bəyanata  əsasən Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytardı. Beləliklə, Azərbaycan hakimiyyəti Ağdam, Laçın, Kəlbəcər rayonlarını və digər yüzlərlə kəndi qan tökülmədən, şəhid vermədən qaytarılmasına nail oldu. Böyük tarixi əhəmiyyətə malik olan İkinci Qarabağ müharibəsinin ən parlaq nəticələrindən biri olaraq imzalanmış 10 noyabr bəyanatında Azərbaycan Respublikası üçün mühüm sayılan məsələlərdən biri qondarma “Dağlıq Qarabağ” Respublikasının “Status-kvo” və təmas xətti anlayışları aradan qaldırıldı. Yəni artıq “status”, yaxud “Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi”  ilə bağlı  heç bir məsələ yoxdur. 10 noyabr birgə bəyanatının mühüm müddəalarından biri də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaranmasıdır. Bu mühüm məsələ  Azərbaycan Respublikası üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, bu məsəslənin həll olması tarixi “İpək yolu”nun bərpası və Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deməkdir. Tarixi zəfər günümüzün əldə olunmasında Azərbaycan 3000-ə yaxın şəhid verdi. Xalqımız öz şəhidini heç bir zaman unutmayacaq, onlar  daim  bizim qəlbimizdə yaşayacaqdır.

“Torpaq uğrunda ölən varsa, Vətəndir”.

 

Günətay Əliyeva

Azərbaycan Texnalogiya Universitetinin

Xarici dillər kafedrasının müəllimi