Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur. Dövlətin yaranması ilə meydana gələn bir sıra elementlər var ki onların varlığı dövlətin mövcudluğundan xəbər verir. Dövləti xarakterizə edən bu elementlər arasında siyasi hakimiyyət, iqtisadi potensial, silahlı qüvvələr, dövlət dili önəmli yer tutur. Milli atributlarımız olan bayraq, gerb, himn milli dövlətçiliyin varlığını obrazlı şəkildə ifadə edən mühüm amillərdəndir. Bayraq sözü müstəqillik işarəsidir. Bayraq milli azadlığın təcəssümüdür, eyni zamanda birlik rəmzidir. Azərbaycan bayrağı rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir. Respublikamız dünya dövlətləri arasında öz bayrağı ilə təmsil olunur, tanınır. Dövlət bayrağımız hər birimiz üçün Vətən, millət və ana dili qədər müqəddəsdir. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Müqəddəs istiqlal rəmzi  üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də dövlət bayrağı kimi dalğalandırıldı. Ümummilli lider Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır.  1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Heydər Əliyevin ucaltdığı bayraq bu gün etibarlı əllərdədir. 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Bakıda "Dövlət Bayraq Meydanının" yaradılması və 2009-cu il noyabrın 17- də Respublika Dövlət Bayrağı gününün təsis edilməsi haqqında olan sərəncamlar Dövlət başcısının bayrağa olan ehtiramının bariz nümunəsidir.  Biz ləyaqətlə müqəddəs bayrağımızı işğaldan azad olunmuş hər bir bölgəmizdə ucaltdıq. Biz bu gün müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq. Öz əməllərimizlə Vətənə sədaqətlə xidmət etməli, bayrağımızı uca tutmalıyıq. Üçrəngli bayrağımızın daim zirvələrdə olması üçün hər bir vətəndaş öz sahəsində uğur qazanmalıdır. Gənc nəsil bayrağa, gerbə və himnə hörmət , ehtiram ruhunda tərbiyə edilməlidir. Hər zaman yüksəklərdə vüqarla dalğalan, azad ölkəmin üçrəngli bayrağı!

 

Aysel Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Xarici dillər kafedrasının müəllimi