Zəfər Gününə həsr olunmuş respublika konfransı keçirilibBu gün Azərbaycan Texnologiya Universitetində (UTECA) Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransı keçirilib.Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə açıq elan edilən konfransda Azərbaycanın 44 günlük haqq savaşında, eləcə də ölkəmizin bütövlüyü uğrunda canından keçən Vətən oğullarının və qızlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov çıxış edərək 44 günlük Vətən müharibəsindən, eləcə konfrans mövzusunun aktuallığından danışıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Azər İbrahimov çıxış edərək şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov adından konfransın işinə uğurlar arzulayıb.Elmi-praktik konfransda “Azəralüminium” Zavodunun istehsalat müdiri Cəmil Səfərov “Elm-istehsalat əlaqələri müasir mütəxəssis hazırlığının əsasıdır” başlığı ilə çıxış edib. O, məruzəsində Azərbaycan Texnologiya Universiteti ilə Azəralüminium əlaqələrinə toxunaraq mütallurgiya sahəsində elmi əməkdaşlığın müsbət nəticələrindən danışıb.Plenar iclasda “İnnovativ fikirli mütəxəssis hazırlığı üçün tədris-elm-müəssisə üçbucağının əhəmiyyəti” mövzusunda çıxış edən “AzerGold” ASC-nin baş mütəxəssisi Valid Əliyev maraqlı təkliflər səsləndirib. Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev isə öz çıxışını “Pandemiya dövründə ekoloji-təmiz qidalanmanın insan sağlamlığına təsiri”nə həsr edib.Sonda Biznesin idarəedilməsi ixtisasının (MBA) magistrantı, Erasmus+ mübadilə proqramı çərçivəsində hazırda İspaniyanın Jaen universietində təhsil alan Ramil Həsənovun “Beynəlxalq təcrübənin gənc tədqiqatçılara verdiyi imkanlar” mövzusunda məruzəsi dinlənilib. Bununla da konfransın I hissəsi yekunlaşıb.Daha sonra konfrans öz işini müxtəlif istiqamətlər üzrə panel iclaslarla davam etdirib. Bu gün saat 15:00-dan 18:00-dək davam edəcək panel iclaslar Qida sənayesi mühəndisliyi, Turizm xidməti, Logistika mühəndisliyi, Yüngül sənaye mühəndisliyi, İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi, Metal və materiallar mühəndisliyi, İqtisadiyyat və biznesin idarəedilməsi, Davamlı inkişaf və təhsil texnologiyaları olmaqla 8 bölmə üzrə aparılır. Xatırladaq ki, konfransın məcmuələr toplusuna 100-dən çox tezis daxil edilib.