Ötən il noyabrın 11-də hospitalda müalicə alan yaralı hərbi qulluqçularla görüşündə Prezident İlham Əliyevin: “Qarabağda müharibə dayandırıldı. Vətən müharibəsi başa çatdı.” xəbərini eşidən milyonlarla insan küçələrə çıxdı. Ölkədə elə bir şəhər, yaxud ən kiçik dağ kəndi yox idi ki, orada Azərbaycan bayraqları dalğalanmasın, evlər Prezident, Ali Baş Komandan, qələbəmizin təminatçısı İlham Əliyevin portretləri və “Qarabağ Azərbaycandır!” plakatları ilə bəzədilməsin. İnsanlar sevinirdi, qanlı müharibənin bitməsinə sevinirdi. Otuz illik işğala son qoyulduğu üçün sevinirdi. Hər kəsin qəlbi minnətdarlıq hissi ilə döyünür, bu qələbə sevincini ona yaşadan ordusuna, Ali Baş Komandana ürək sözlərini çatdırmağa bir fürsət axtarırdı. Prezidentə ünvanlanan yüzlərlə məktub sahibləri eyni düşüncəni paylaşır, eyni xoş sözləri bölüşürdülər: “Vətən torpağının azad edilməsi ilə bizə yaşatdığınız sevinc hisslərinə görə Sizə minnətdarlığımızı bildiririk. Azərbaycan əsgərinin qəhrəmanlığı bütün dünyada dastana çevrildi. Vətən uğrunda döyüşən igidlərimiz bilir ki, onun arxasında güclü Azərbaycan dövləti və Ali Baş Komandan durur…”.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu. Qeyd edək ki, Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları dünyanın ən ağıllı şəhər və kənd layihələridir. Azad olunmuş ərazilərimizdə icra olunacaq bu layihələr dünyada ilk olacaq. Burada müasir və innovativ texnologiyalarla təchiz olumuş yaşayış qurulacaq və insanlarımızın rahatlığı maksimum dərəcədə təmin olunacaq. Bu məntəqələrdə sakinlər dünyanın ən inkişaf etmiş yaşayış məntəqələrinin sakinləri ilə müqayisə olunacaq. Əslində dövlətimiz heç kimdən maliyyə dəstəyi almadan bu cür iri layihələri icra etməklə, bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərə və siyasi qüvvələrə bir mesaj verir.
Aysel İsmayılzadə
Azərbaycan Texnologiya Universitetinin
Xarici dillər kafedrasının müəllimi