XX əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi hələ işin başlanğıcı idi və təbii ki, bir sıra çətinliklərlə qarşılaşacağı da qaçılmaz bir fakt olaraq qalırdı. Həmin dövrdə bütün türk tarixinə örnək olacaq bir məsələ elə Osmanlı İmperiyasının Şərqin ilk demokratik dövlətinin yaranmasına verdiyi qardaş dəstəyi idi. 1918-ci il, iyun ayının 4-də iki qardaş dövlət arasında imzalanan “Sülh və dostluq” haqqında saziş ölkəmizin başqa dövlətlə bağladığı ilk müqavilə idi. Həmin müqavilədə də göstərilirdi ki, Osmanlı İmperiyası ilə yenicə öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti arasında siyasi, iqtisadi, hüquqi əsaslar üzrə səmimi dostluq münasibətləri təsbit edilməlidir. İyun ayında imzalanan bu sənəd həm də Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə nüfuz qazanması üçün addımlar atmaq niyyətində olduğunun bariz göctəricisi idi ki, bu işdə də müxtəlif ölkələrdə olan türk səfirlikləri Azərbaycan Respublikasının yaradılması haqqında dünya ictimaiyyətinə məlumat çatdırılmasında mühüm rol oynamışdır. Hələ XX əsrin əvvəllərində, 28 may 1918-ci ildə müstəqilliyimizin elan edilməsi ilə təməli qoyulan iki qardaş ölkə arasındakı siyasi əlaqələr XX əsrin sonlarında Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə bir daha gündəmə gəldi. 1991-ci ilin 9 noyabr tarixində qardaş ölkənin ilk olaraq bizim müstəqilliyimizi tanıması bütün dünyaya bu dostluq və qardaşlıq nümunəsinin əslində heç bir zaman unudulmadığının mesajı idi. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə əsaslanaraq bu gün bütün sahələrdə olan əməkdaşlıqlarımız daha da inkişaf etməkdədir. Son illər Azərbaycan və Türkiyə arasında olan siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsində özünü göstərir. Digər sahələrdə mövcud olan əlaqələrin dinamik inkişafının göstəricisi isə qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri səmimi dostluq və faydalı tərəfdaşlığın nəticəsi olmaqla yanaşı, həm də xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da əhəmiyyət kəsb edir. Eləcə də, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvanla Türkiyə arasında əlaqələrin genişləndirilməsinə, ölkəmizin geoiqtisadi əhəmiyyətinin artmasına səbəb olacaq. Eyni zamanda, bu dəhliz Orta Asiyaya bir ticarət qapısı rolu oynayacaq ki, bu da türk dünyası ilə iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək. Qədim tarixi köklərə malik olan və möhkəm dayaqlar üzərində qurulan Türkiyə və Azərbaycan arasındakı istər siyasi, istər iqtisadi və eləcə də digər sahələrdə olan əlaqələr bu gün də dünya dövlətlərinə örnək ola biləcək bir qaydada və yüksələn bir xətt üzrə davam edir. Türkiyənin olmadığı tədbirlərdə Azərbaycan hər zaman qardaş ölkənin mənafeyini müdafiə etmiş, onun əleyhinə hər hansı bir fikir səslənibsə ona tutarlı cavablar vermişdir. Eləcə də Türkiyə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” - deməklə hər iki dövlət arasında olan əlaqələrin hansı səviyyədə olduğunu bütün dünyaya çatdırmışdır. Bu gün beynəlxalq siyasi arenada Türkiyə və Azərbaycan ən etibarlı müttəfiq kimi özlərini təsdiq etməyi bacarıblar. 2021-ci il iyun ayının 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olmuş, Qarabağımızın baş tacı, mədəniyyət paytaxtımız Şuşaya etdiyi tarixi səfər və orada bəyannamə imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malik önəmli bir məsələ idi. Dövlətimiz üçün önəmli bir tarixi günə - Milli Qurtuluş gününə təsadüf edən ŞuşaBəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunması ilə yanaşı, istər regional, istərsə də beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin və əməkdaşlıq münasibətlərinin yeni bir zirvəyə qədəm qoymasının göstəricisidir. Həm də, unutmaq olmaz ki, Azərbaycan və Türkiyə münasibətləri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında olan siyasi, iqtisadi əlaqələr iki qardaş ölkənin böyük Liderlərinin bütün dünyaya nümayiş etdirdikləri birlik, qardaşlıq, həmrəylik göstəricisidir. Bu birlik xalqımızı böyük Zəfər gününə aparan 44 günlük Vətən müharibəsində də bir daha sınaqdan çıxmış oldu. Əsl dostluq və qardaşlıq nümunəsi olan Türkiyə və Azərbaycan birliyi böyük Türk Dünyası üçün də bir çağırışdır.
Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi