Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək bu qonşu ölkənin işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı. Zəngilandan sonra Azərbaycan Ordusunun növbəti hədəfi Qubadlının azad olunması idi və bu rayondan ilk xəbər oktyabrın 23-də gəldi. “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir”, - deyə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində yazdı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi və strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Zəngilanın azad edilməsindən sonra Ermənistan Qubadlı rayonunun ərazisinə əlavə qoşunlar cəlb etmişdi. Lakin Müzəffər Ordumuzun qarşısında onların hamısı aciz qaldı və oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad edilməsi xəbərini xalqımıza verdi. Dövlət başçısı Qubadlı şəhərinin və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı. 2020-ci il dekabrın 23-də Qubadlı rayonuna səfəri zamanı Prezident İlham Əliyev bu rayonun azad edilməsinin strateji əhəmiyyəti barədə danışaraq deyib: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”. Oktyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım etdi. Paylaşımda deyilirdi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getdi, Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərimiz şəhidlik zirvəsinə ucaldı. Qubadlı sakinlərinin yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu. Həmin gün nəinki qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu. Artıq Qubadlının, Zəngilanın, Laçının, Füzulinin, Kəlbəcərin, Şuşanın....işğal edilmiş torpaqların azad edilməsindən 1 il ötür. Bu bir ildə Azərbaycan 100 illərə bərabər inkişaf və təkamül prosesi keçdi. Bu bir ilin hər günü dinamikada oldu və hər bir azərbaycanlı bu inkişafın bir hissəsi olmağı, tam olaraq birləşməyi bacardı. Bu gün azad edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. Bir il öncə işğaldan azad olunan torpaqlaq bu gün sürətlə dirçəlir. Yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi ola bildiyimiz üçün xoşbəxt insanlarıq. Çünki bu möhtəşəm tarixin şahidi olduq. 44 günlük Vətən müharibəsinin Zəfər salnaməsini kitablardan oxumadıq. Zəfərin səsini öz qulaqlarımızla eşidə, onun möhtəşəmliyini öz gözümüzlə görə bildik. Qubadlı zəfəri isə bu zəfərlərdən yalnız biri idi...
Leyla Məmmədzadə
Azərbaycan Texnologiya Universitetinin doktorantı