Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir   Ölkəmiz müstəqil  bir dövlət olaraq özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənən, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti Konstitusiya əsasında qurularaq xalqın  tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşlarının maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Olkəmizin xarici siyasəti isə bu vəzifələrin yerinə yetirilməsi və həyata keçirilməsinə yönəldilir. Beləki, dövlətimizin xarici siyasətini ölkənin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normalarına əsaslanaraq aparır. Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Bu gün də Prezident İlham Əliyevin yürütməkdə olduğu xarici siyasətin əsas prinsipi məhz müstəqillikdir. Azərbaycan dövlətinin dövlətlərarası münasibətlər sahəsində əsaslandığı əsas prinsiplərindən biri digər dövlətlərin suveren hüquqlarına hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, digər ölkələrin dövlət quruculuğu və sosial-siyasi inkişaf modelləri arasındakı fərqlərdən asılı olmayaraq seçdiyi inkişaf yoluna hörmətlə yanaşmaqdır. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə beynalxalq normaları və üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirir. Dövlətimizin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət və daxili işlərinə müdaxilə etməmək beynəlxalq aləmlə əlaqələrdə əsas prinsiplərdir . Ermənistan təcavüzünün dəf edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, əzəli torpaqlarımız Qarabağın işğaldan azad olunması müstəqil xarici siyasətin qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə bütün region üçün sülh, təhlükəsizlik və sabitliyə zəmin verdi. Qonşu dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan İlham Əliyev siyasəti Azəribaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, eyni prinsiplərlə yanaşılmasını tələb edir.  Əldə olunan uğurlar və bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu məhz yeridilən müstəqil xarici siyasətin təntənəsidir.  

 

Rəna Abbasova 

Azərbaycan Texnologiya Universitetinin

Xarici dillər kafedrasının müəllimi