Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsinin ən keşməkeşli, çətin döyüşlərindən biri Füzuli uğrunda gedən döyüşlər olmuşdur. Hələ prezident İlham Əliyev müharibə ərəfəsində xalqa müraciətində bildirmişdi ki, bir çoxlarına görə Füzulini işğaldan azad emək qeyri-mümkün idi. Lakin öz missiyasını layiqincə yerinə yetirən şanlı ordumuz bu vəzifənin öhdəsindən şərəflə gəldi və müharibənin gedişində həlledici rol oynayan Füzuli şəhərini öz qanları, canları bahasına azad etməklə müharibənin sonrakı taleyini həll etmiş oldular. Lakin acınacaqlı hal şəhərin ümumiyyətlə xarabalığa çevrilməsi, şəhərdə istər yaşayış binaları, istərsə də tarixi memarlıq abidələrindən əsər əlamətin qalmamasıdır. Belə ki, burada məskunlaşmış insanlıqdan uzaq erməni vəhşiləri həm 30 il müddətində öz vandal fəaliyyətlərini icra etmiş, həm də müharibə dövrü ərzində şəhəri bir növ yerlə- yeksan etmişlər. Bildiyimiz kimi, Füzuli rayonu tarixi-dini abidələrlə, ələlxüsus türbələrlə zəngindir. Bunlara misal olaraq XIII əsrə aid Şeyx Babı Yaqub türbəsi (Babı kəndi) və Arqalı türbəsi (Aşağı Veysəlli kəndi), XIV əsrə aid Mirəli türbəsi (Aşağı Veysəlli kəndi), XVIII əsrə aid İbrahim türbəsi (Aşağı Aybasanı kəndi), XIX əsrə aid edilən Cəlil türbəsi, Tuğ kəndi ərazisində yerləşən Mirmehdi Xəzani türbələrinin adlarını çəkmək olar.  Vəhşi erməni cəlladları tərəfindən daha çox ziyan vurulan dini ibadətgahlarımız, xüsusilə məscidlərimiz olmuşdur. Belə ki, Alban dövrü memarlıq abidələrindən hesab edilən Qarğabazar  karvansarayı işğaldan sonra mal-qara tövləsi kimi istifadə edilibmiş. Ümumiyyətlə təkcə Füzulidə yox, digər ərazilərimizdə yerləşən məscid və dini ibadət yerlərində erməni alçaqlarının heyvan saxlanma yeri kimi istifadə etdikləri artıq sübuta yetirilmişdir. Bu isə tarixin, dinin, mədəniyyətin təhqirinin açıq-aşkar təzahürüdür. Yerli əhalinin Şah Abbas məscidi adlandırdığı Hacı Qiyasəddin məscidi Qarğabazar  kəndində qayanın üzərində inşa edilmişdir. Hazırda məscid tarixi abidə kimi qorunur. Ermənistanın 1993-cü ildə Füzuli şəhərinin işğalı nəticəsində yararsız vəziyyətə salınan digər bir məscid isə XIX əsrdə inşa edilmiş Hacı Ələkbər məscidi olmuşdur.   Bugün digər bütün işğal edilmiş ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma, təmir-bərpa, abadlıq işləri  surətlə həyata keçirilməkdədir. Burada bir tərəfdən əhalinin yaşayışı üçün müvafiq şəraitin yaradılması, digər tərəfdən ölkəmizin tarixini, mədəniyyətini özündə əks etdirən tarixi-memarlıq abidələrinin, dini ziyarətgahların təmir və bərpası yolunda lazımi tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, respublikanın birinci xanımı Mehriban xanım işğaldan azad edilmiş bütün ərazilərdə, eləcə də Füzulidə milli mədəniyyət incilərimizin restavrasiyası və qorunub saxlanması işinə birbaşa nəzarət edir. Habelə erməni vandalizminin bilavasitə sübutu olan bu abidələrimizin xarici ölkə nümayəndəliklərinə, media mənsublarına, jurnalistlərə tanıdılması yolunda da əlindən gələni edir. Ulu öndərimiz Heydər Əliyev siyasi kursunu davam etdirərək onun vəsiyyətini layiqincə yerinə yetirən cənab İlham Əliyevin söz verdiyi kimi, Qarabağa qayıdışımız əbədi olacaq. Işğaldan azad edilmiş ərazilərdə həyat yenidən dirçələcək, məscidlərdən yenə azan səsləri ucalacaq. Biz Azərbaycan gəncliyi bu siyasətin daim dəstəkçisi olmağa hazırıq, bu şərəfli yolda əlimizdən gələni əsirgəməməliyik.               

Turanə Məmmədova 

Azərbaycan Texnologiya Universitetinin

Xarici dillər kafedrasının müəllimi