Göygöl Təhsil Mərkəzinin abituriyentləri yay layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə tanış olublar. Göygöl Təhsil Mərkəzinin təşəbbüsü və Azərbaycan Texnologiya Universitetinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Göygöl filialının birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində onlarla məktəbli bu gün Texnologiya Universiteti ilə tanış olub. Göygöl Təhsil Mərkəzinin Gəncə, Balçılı, Göygöl, Samux və Şəmkir filiallarının abituriyentləri Azərbaycan Texnologiya Universitetinin bütün korpuslarında - Yüngül Sənaye mühəndisliyi və Logistika, Qida mühəndisliyi, Avtomatika, Telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrində maraqlı görüşlər keçirib, universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, universitet rəhbərliyinin məlumatlarını dinləyiblər. Abituriyentlər Logistika mərkəzi, Gön-dəri, Tekstil və toxuculuq laborotoriyalarında gedən prosesləri izləyib, dizayn otaqları, idman zalı, akt zalı, kitabxana ilə tanış olub, logistika, metallurgiya, turizm, İKT, ekologiya, biznes, iqtisadiyyat və idarəetmə ixtisasları haqqında ətraflı məlumat alıblar. Görüşdən sonra abituriyentlər Azərbaycan Texnologiya Universitetində gənclərin inkişafı üçün yaradılmış qayğı və şərait barədə geniş müzakirələr aparıb, dövrümüz üçün aktual hesab etdikləri ixtisaslara olan maraq və tələbat haqqında fikir mübadiləsində fəal iştirak ediblər.