Əsl dostluq və qardaşlıq nümunəsi 2020-ci ilin sentyabr ayından başlayaraq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında unudulmaz və bütün dövlətlər, xalqlar üçün nümunə ola biləcək bir tarix yazdı. Xalqımızın Müqəddəs Vətən müharibəsində qazandığı qələbə haqq davamızın uzun illər gözlənilən, arzuolunan nəticəsi olmaqla bərabər, həm də Cənubu Qafqazda sülh və inkişafı təmin edəcək fərqli bir gerçəkliyin başlanğıcı oldu. Müharibənin ilk günlərindən öz dəstəyini əsirgəməyən qardaş Türkiyə, eyni zamanda, tarixi və mənəvi qələbənin bərqərar olması üçün yanımızda olduğunu öz haqq səsi ilə sübut etdi. Məhz bu dövlətin dünyada olan nüfuzu və gücü sayəsində düşmən havadarlarının bu dəfə döyüş meydanında erməni adlı mənfur bir düşmənin yanında olmasına imkan vermədi. Düşmən Azərbaycanın igid, qorxmaz, ölümün gözünə dik baxmağı bacaran, Vətən məhəbbətini ürəyindən heç zaman çıxarmayan oğulları ilə üz-üzə dayandı. Ali Baş Komandan, Cənab İlham Əliyev müsahibələrinin birində bu haqda çox dəqiq olaraq bildirdi ki, əgər müharibənin ilk anlarından etibarən Türkiyənin düşmən havadarlarına “Dur, Azərbaycan tək deyil! Türkiyə bu işin sonuna qədər Azərbaycanın yanındadır!” mesajı olmasaydı, bəlkə də bu işə başqaları da qarışa bilərdi. Məhz bu çağırışdan sonra düşmən döyüş meydanında çarəsiz bir duruma düşdü. Dinc əhalinin yaşadığı, döyüş bölgələrindən kifayət qədər uzaqda yerləşən şəhərlərimizə qarşı törətdiyi terror da elə bu acizliyin, çarəsizliyin bəlirtisi idi. Mülki sakinlərimizin, hələ dünyada sülh və ya müharibənin nə olduğunu belə bilməyən körpələrimizin faciəli şəkildə həyatlarını itirdikləri, düşmənin alçaq siyasətinə qurban getdikləri bir vaxtda qardaş ölkənin rəsmi qurumları Ermənistanın terrorçu siyasətinə qarşı bəyannamələr verir, çağırışlar edir, terror törədilən şəhərlərimizə etdikləri səfərləri ilə yanımızda olduqlarını əyani şəkildə sübut edirdilər. Bütün bunlar bizə mənəvi güc verdiyi kimi bütün dünyaya da bir daha çatdırırdı ki, əslində Qarabağ məsələsi Azərbaycanın haqq davası olmaqla yanaşı, həm də bütün türk dünyasının şərəf məsələsidir. Türk hər zaman səsləndirdiyi sözə, verdiyi vədə imzaları qədər dəyər verən, sadiq olan xalqdır. Bu gün iki böyük şəxsiyyəti siyasət meydanında yanaşı görmək türk dünyasını nə qədər qürurlandırırsa, məqsədə aparan yolda hər alçaq vasitədən istifadə etməyə hazır olan bəzi siyasi dairələri də bir o qədər narahat edir. Azərbaycan və Türkiyə prezidentləri bütün dünyanın qarşısına öz şəxsiyyətlərinə, mənəviyyatlarına, qədim milli köklərinə yaraşan bir qürurla çıxırlar. Qədim tarixi köklərə əsaslanan bu qardaşlıq, dostluq münasibətlərinin möhkəmliyini dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də görmək mümkündür. Bu gün müasir dünyamızın iki əvəzsiz liderini yanaşı görəndə, onların iqtisadi, siyasi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıqlarının şahidi olanda inanıram ki, damarlarından türk qanı axan hər bir insanın ürəyində fərəh hissi oyanır, gələcəyə daha böyük ümidlər yaradır. Çünki bu münasibətlərin əsasında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibət, hər şeydən öncə isə qardaşlıq dayanır. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin vaxtilə dediyi “Bir millət, iki dövlət” devizinin, Atatürkün “Sevincimiz də, kədərimiz də birdir” kəlamının bütün dövrlər üçün siyasi, ictimai əhəmiyyətə malik olduğunun bu gün bir daha şahidi oluruq. İnanırıq ki, arzusunda olduğumuz Böyük Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amil bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılıdır. Bu gün bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan münasibətlərinin geniş miqyasda inkişaf etməsi, hər iki dövlətin bir-birinin yanında olub həm sevinclərinə, həm də kədərlərinə şərik olması hər bir türkün ürəyində yeni ümidlər yaradır.
Azərbaycan Texnologiya Universiteti,
İctimai elmlər və multikulturalizm kafedrası