Gəncədə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib. Açılış mərasimindən öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının, INNOLAND, EKVİTA şirkətinin, eləcə də İnnovasiya Mərkəzi MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində (UTECA) olublar. Onlar universitetin innovasiya ekosistemi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, UTECA-da biznes, startap, inkubasiya və innovasiya fəaliyyətləri üzrə görülmüş işlər "Müştəriyə Yönəlmə Proqramı (MYP)" pilot layihəsi, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi və digər əməkdaşlıqlar olmaqla 3 əsas hissədən ibarətdir. MYP çərçivəsində 50-dən çox iri sənaye və istehsal müəssisələrilə birgə təlim, təcrübə və tədris-istehsalat proqramları həyata keçirilib. Aktiv olduğu dövrdə proqram 2000-dən çox tələbəni əhatə edib. MYP layihəsinin qida və mühəndislik istiqamətləri üzrə yenidən həyata keçirilməsi və proqramın effektivliyinin artırılması üçün yaxın gələcəkdə elmi tədqiqat və transformasiya mərkəzlərinin yaradılmasıyla bağlı hazırda tərəfdaşlar arasında müzakirələr aparılır. UTECA-da fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi barədə verilən məlumatlarda qeyd edilib ki, 2016-2019-cu illərdə filialda inkubasiya mərhələsinə 7 startup qəbul olub, onlardan 3-ü akselerasiya mərhələsini tamamlayaraq fəaliyyətini davam etdirə bilib. Hazırda bu startuplardan yalnız biri - "Otmilk" öz aktiv fəaliyyətini davam etdirir. "Otmilk" 2019-cu ildə Aqrar Elm və İnnovasiyalar Mərkəzi və "İNNOLAND" Akselerasiya Mərkəzinin dəstəyi ilə"Startap Azərbaycan" təşkilatı tərəfindən keçirilən “AgroX” innovasiya müsabiqəsində 12 finalçı arasında üçüncü yerə sahib olub. Filial pandemiya dövründən etibarən aktiv fəaliyyət göstərmir və cari rezidenti yoxdur. Post-pandemiya dövrü üçün filialın planları var. Bunlara 2022-ci ilin mart-aprel aylarına təsadüf edəcək Bootcamp – Startup düşərgəsinin keçirilməsi, bundan başqa uğur qazanmış mütəxəssislərin öz bilik, bacarıq və təcrübələrinin Gəncə universitetlərinin tələbələri ilə paylaşmasına imkan verən Sahibkarlıq konfransının keçirilməsi daxildir. Startapçılarla söhbətdən və UTECA-da innovasiya ekosistemini əhatə edən digər əməkdaşlıqlarla tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Azərbaycan Texnologiya Universitetinin prorektoru Vüqar İsmayılov iştirak edib. Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Texnologiya Universitetinin (UTECA) prorektoru Vüqar İsmayılov UTECA-nın rektoru, professor Akif Süleymanov adından qonaqları bir daha salamlayaraq bu gün hər üç universitet üçün təməli qoyulan layihənin bölgə əhəmiyyətini vurğulayıb: “Bilirik ki, startap ekosisteminin digər bir adı girişim ekosistemidir. Ancaq mən bunu eyni zamanda cəsarət ekosistemi adlandırıram. Məlum məsəslədir ki, investisiyalar paytaxt şəhərlərə axın edir, eləcə də gənclər paytaxta meyl edir. Bu fonda bölgə tələbələrində startaplarla bağlı bir güvənsizlik müşahidə edilir. Cəsarətli olanlar isə bu işdə bir addım öndə olur. Bu baxımdan layihənin reallaşdırılması üçün məhz bölgələrin seçilməsi alqışa və təqdirə layiqdir. Yerli texnoloji startapların inkişafının təşviqi urbanizasiyanın qarşısını alacaq və tələbələrimizdə bir cəsarət ekosistemi formalaşdıracaq. ” Sonda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universiteti arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirilmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir.