“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin ilk görüşü Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq üzrə ilkin görüş keçirilib. 20 may tarixində UTECA-nın iştirakçısı olduğu Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı layihəsi çərçivəsində növbəti üçtərəfli görüş baş tutub. Layihənin detallarını müzakirə etmək və növbəti addımları müəyyənləşdirmək məqsədi daşıyan görüşdə Asiya İnkişaf Bankının layihə rəhbəri xanım Səbinə Cəfərova, layihənin icraçılarından biri olan EKVİTA şirkətindən xanım Jalə Sərdarlı və Almaniya tərəfdən Jurgen Raizner, layihənin əsas icraçısı İNNOLAND inkubasiya və akselerasiya mərkəzindən Tengiz Ağakişiyev, UTECA-nı isə tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Xarici əlaqələr şöbəsinin əməkdaşları təmsil ediblər. Salamlama və tanışlıq nitqlərindən sonra çıxış edən Jurgen Raizner layihə haqqında geniş məlumat verərək layihə çərçivəsində aşağıdakı addımların atılacağını bildirib:
• Status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi;
• Startapların idarə olunması ilə bağlı təlimlər;
• Universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili;
• İnformasiya transferi;
• Universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək və s.
Çıxış edən UTECA nümayəndələri universitetdə 2021-ci il ərzində innovasiyalar və startaplarla bağlı görülmüş və qarşıda duran işlərdən danışaraq layihədən gözləntilərini bildiriblər. Prorektor universitetin yeni inkişaf strategiyasında layihənin əhatə dairəsi ilə eyni olan bəndləri qeyd edib, təkliflərini bildirib. Digər UTECA təmsilçiləri universitetin İnnovasiya Mrkəzində görülən işlərdən danışıblar. Sonda çıxış edən layihə rəhbəri Səbinə xanım iştirakçılara təşəkkür edərək yaxın günlərdə universitetlə İNNOLAND arasında əməkdaşlıq memorandumu imzalanacağı barədə məlumat verib. Eyni zamanda məruzəçi layihənin məqsədinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə vermək və bütün maraqlı tərəflərin, o cümlədən KOBİA-nın da layihədə iştirakını təmin etmək olduğunu diqqətə çatdırıb.