07 aprel 2021-ci il tarixində “Qida mühəndisliyi” fakültəsində Üzümçülük və Şərabçılıq Elmi-tədqqat İnstitutunun direktoru, aqrar elmlər doktoru, dosent Vüqar Səlimov, aparıcı elmi işçisi Mövlud Hüseynov və elmi işçisi Nuriyyə Hüseynzadə ilə görüş keçirilib. Görüşdə Şərabçılıq üzrə milli brendlərin istehsalının gücləndirilməsində üzümün genetik ehtiyatlarının və texnoloji potensialının qiymətləndiriməsi, texniki üzüm sortlarının keyfiyyətinə təsir edən amillər, Qarabağ üzüm sortlarının və şərabçılığın inkişaf etdirilməsi mövzusunda çıxışlar yer alıb. “Qida məhsulları mühəndisliyi” və “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrə Azərbaycanın milli üzüm sortlarının müasir ampelodeskriptorlar və molekulyar-genetik üsullarla öyrənilməsi, Üzümçülük və Şərabçılıq ET İnstitutu olaraq yerli üzüm sortlarının qorunub saxlanılması, qiymətləndirilməsi, davamlı istifadəsi, geniş yayılması, təşviq edilməsi və s. istiqamətlərində mütamadi olaraq həyata keçirilmiş tədqiqat işləri, əldə olunan materiallar əsasında üzüm sortlarının ampeloqrafik xüsusiyyətləri əks olunan kitablar haqqında məlumatlar verilib. Həmçinin son illərdə üzüm genofondunun qorunub saxlanılmasında, mənşəyinin müəyyənləşdirilməsində, müasir üsullarla öyrənib qiymətləndirilməsində, identifikasiyasında beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqalər, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu olaraq yerli üzüm sort və formalarının genetik müxtəlifliyinin müasir üsullarla (molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s.) öyrənilməsi istiqamətində bir çox beynəlxalq təşkilat və xarici ölkə institutları ilə (Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu, Bioversity İnternational, OIV, COST, İNRA, İtaliya Milan Universiteti və s.) elmi əməkdaşlığı professor-müəllim heyəti və tələbələrin nəzərinə çatdırılıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində 2003-cü ildən başlayaraq hal-hazıra ilkin olaraq yerli üzüm sortlarının mənşəyi, bir neçə səciyyəvi morfoloji əlamətləri əks olunmaqla Beynəlxalq VİVC (Vitis- International Variety Catalogue) üzüm məlumat bazasından istifadə etmək imkanları, Üzümün OİV protokolları üzrə ampelodeskriptor əlamətləri (rəqəmsal), üzümün bioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri barədə geniş informasiya auditoriyanın nəzərinə çatdırılıb.