Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici kapitaldır. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 %-ni təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. Azərbaycan qlobal layihələrin aktiv iştirakçısıdır. “Bir Qurşaq, Bir Yol” layihəsinin əsas iştirakçı dövlətlərindəndir. Hazırda ölkəmiz çox əhəmiyyətli energetika və nəqliyyat layihələrini həyata keçirir. Dövlət başçısı ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında yer alan rəqəmlər tamamilə normal və gözləniləndir. Azərbaycanın vurğulanan istiqamətlərdə irəliləməsi məntiqidir. Hətta Azərbaycan bununla kifayətlənməyəcək. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq. Azərbaycan müstəqillik və suverenlik yolunda növbəti zirvələri fəth edəcək. Vaxt gələcək ki, ermənilərin özləri Azərbaycanın tərkibində qalmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə xahiş – üzrxahlıq məktubu göndərəcəklər. Onun altında yüzminlərin və milyonların imzası olacaq. Azərbaycan bu kimi yüksəkliklərə doğru irəliləyir. Azərbaycanda sosial infrastruktur, biznes mühiti, əhalinin sosial təminatı və başqa sferalar yüksələn xətlə inkişaf edir. Ermənistan bütün bu istiqamətlər üzrə Azərbaycandan geridə qalır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, əhalinin elektriklə təmini 100 % təşkil edilir. Ölkəmiz hesabatda bəzi indiqatorlara görə isə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Təhsilə, elmə, mədəniyyətə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb. Azərbaycanda son 15 ildə 30 elektrik stansiyası istifadəyə verilib, bölgələrdə qazlaşma 95%-ə çatmaq üzrədir. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Azərbaycan bütün qonşu dövlətlərlə əməkdaşlıq edən müstəqil dövlətdir. Rusiya, Türkiyə, İran kimi dövlətlərin rəhbərləri İlham Əliyevlə həm yaxşı münasibətdədirlər, həm də ölkələrarası əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Uzaq Amerikadan dövlət rəhbərləri bəyan edir ki, İlham Əliyevlə əməkdaşlığı inkişaf etdirməklə bağlı müzakirə aparmağa can atırlar. Tarixin qədim İpək Yolunun üzərində yerləşən ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq - Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı- Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton və 100 min konteyner yükdaşıma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükdaşıma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.
Nazim Kərimov
Azərbaycan Texnologiya Universitetinin
rektor məsləhətçisi