Hər bir qurultayı ölkəmizin ictimai - siyasi həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyasının son qurultayı cəmiyyətimizdəki yeniliklə, bütün sahələrdə həyata keçirilən islahatlar fonunda keçirildi.  29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Hər zaman siyasi proseslərdə öndə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yenilənmiş formatda qədəm qoyur.  Yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük işlərə imza atan Yeni Azərbaycan Partiyası həm də yeni siyasi nümunə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.  Dövlət Başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. 6 siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda - Yeni Azərbaycan Partiyasında birləşməsi ölkəmizin siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yeni səhifələrin yazılacağının təməlini qoydu. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayındakı yekun nitqində bir neçə partiyanın hakim partiya ilə birləşməsinin çox önəmli, əlamətdar hadisə olduğunu diqqətə çatdırıb: ”Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir”. Hakim partiyanın və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı milli birliyimizə, həmrəyliyimizin sarsılmazlığına, sağlam dialoqa xidmət edən siyasi islahatların uğurlu davamıdır. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyən siyasi partiyaların milli birliyinin 44 günlük Vətən müharibəsindən sonra da davam etməsi milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Siyasi təşklatın VII qurultayında qəbul olunan qərarlar xalqın etimadını qazanan partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

 

Piri Axundov Azərbaycan Texnologiya Universitetinin

Tədris şöbəsinin müdiri, ATU YAP Ərazi İlk Partiya Təşkilatının sədri.ə

 Fəlsəfə üzrə fəlsəfə doktoru, dos. əvəzi