UTECA kollektivi və deputatlar Şəhid məzunların ailələrini ziyarət ediblər UTECA kollektivi və millət vəkilləri Texnologiya Universitetinin Şəhid məzunlarının ailələrilə görüşüblər. Şəhid Kərim Əhmədəliyev 2020-ci il, Ruslan Məmmədov isə UTECA-nın 2018-ci il məzunu idi. Kərim məzun olan kimi müddətli həqiqi hərbi xidmətə yollanmışdı. Ruslan isə zabit idi. 44 günlük Vətən müharibəsində tarix yazmaq, Şəhidlik zirvəsinə ucalmaq onlara da nəsib oldu. Üç rəngli bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandırmağa vəsilə oldular. UTECA kollektivi, Gəncə və Sumqayıtdan olan millət vəkilləri Şəhidlərimizin məzarını ziyarət edib, əklil qoyub, dualar oxuyub, Şəhid valideynlərilə görüşərək həmsöhbət olublar. Görüş zamanı Şəhid məzunlarımızın diplomları ailələlərinə təqdim edilib. Bildirilib ki, Texnologiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və bütün əməkdaşları Şəhid məzunlarımızla fəxr edir. Onları yetişdirən valideynlərə minnətdar olan UTECA Şəhid məzunlarımızın simasında Vətənimizin azadlığı uğrunda canından geçən bütün oğullarımızın əziz xatirəsini daim yaşadacaq. Onların adına yarışlar, turnirlər keçiriləcək, adları əbədiləşdiriləcək.