28 yanvar 2021-ci il tarixində, saat 11.00-da “Zoom” üzərindən “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçiriləcək. #KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçiriləcək tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektlərinin (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, qida idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) iştirakı nəzərdə tutulur. Azərbaycan Texnologiya Universiteti (UTECA) olaraq əməkdaşlığa və dəvətə görə KOBİA və AQİSA-ya təşəkkür edirik. Forumun mövzusu Müştəriyə Yönəlmə Proqramının (MYP) uğurla icra olunduğu və bu çərçivədə 32 müəssisə ilə əməkdaşlıq edildiyi UTECA üçün maraqlı və aktualdır. Universitetimizin əsas profillərindən biri qida sənayesidir və forumda iştirakın perspektiv üçün məhsuldar olacağına ümid edirik. KOBİA və AQİSA qida sektoru iştirakçılarını onlayn forumda iştiraka və aktual məsələlərin müzakirəsinə dəvət edir.