Universitetimizin rektoru, professor Akif Süleymanov Vətən Müharibəsində iştirak edən məzun və tələbələri, eləcə də 44 günlük müharibə dövründə cəbhə bölgəsində yaşayan tələbələri qəbul edib. Onlayn qəbulda 50-dən çox tələbə və məzun iştirak edib. Görüşdə qələbədə canını fəda edən Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Universitetdə II Vətən müharibəsində Şəhid olan məzun və tələbələrimizin adlarının əks olunduğu abidənin ucaldılması işlərinə artıq başlandığını deyən rektor bildirib ki, Texnologiya Universiteti Vətən üçün canından keçənlərin xatirəsini daim yaşadacaq. Professor ölkə başçısının sərəncamı ilə medallara layiq görülən tələbə və məzunlarımızı təbrik edib, onları zəfər münsibətilə bir daha təbrik edib. Vətən müharibəsində iştirak edən tələbə və məzunlar döyüş xatirələrini bölüşüblər. Sonra rektor cəbhə bölgəsində yaşayan tələbələrin problemlərilə, onlayn dərslər və imtahanlar zamanı qarşılaşdıqları çətinliklərlə maraqlanıb. Tələbələri dinləyən professor müharibə dövründə, çətin şəraitdə onlayn dərslərə qoşulanlarla bir daha fəxr etdiyini bildirib, görüşdə iştirak edən dekanlara müraciətlər əsasında müvafiq tapşırıqlar verib. Sonda rektor pandemiya dövrünün çətinliklərinə, bundan irəli gələn təhsil məsələlərinə dair tövsiyə və nəsihətlərini verib. İmtahanlarda müvəffəqiyyətlər arzu edib, sabah üçün sağlam kadr kimi yetişəcəklərinə hər zaman ümid etdiyini bildirib.