Azərbaycan Texnologiya Universitetində (UTECA) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə bir əsr yaşı olan Şərqin ilk demokratik cümhuriyyətinin xalqımızın istiqlal tarixində oynadığı şərəfli roldan danışılıb. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 101 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti tariximizə böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzminin, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında böyük xidmətləri olan dövlət xadimlərinin adı xalqımızın yaddaşına əbədi həkk olunub.Tədbirdə çıxış edənlər də qeyd edib ki, 101 il əvvəl elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Sonda Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” filmi izlənilib. Ekran işində 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərindən, hökumətin son qərarını hansı çətin şəraitdə verdiyindən bəhs edilir.