Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri insan addımları zamanı yaranan mexaniki enerjini elektrik enerjisinə çevirən “Step Energy” adlı innovativ qurğu hazırlayıblar. Universitetin İnnovasiya Mərkəzinin və Rəqəmsal sistemlər və dəqiq elmlər kafedrasının dəstəyi ilə hazırlanan qurğu artıq universitetin həyətindəki dayanıqlı enerji zonasında quraşdırılıb.
Digər alternativ eneji sistemlərinin də tətbiq olunduğu zonada səki örtüyünün altına yerləşdirilən mexaniki və pyezoelektrik modullar vasitəsilə işləyən sistem insan addımları zamanı yaranan təzyiq və hərəkəti elektrik enerjisinə çevirir. Əldə olunan enerjinin işıqlandırma sistemlərində istifadəsi nəzərdə tutulur.
Layihənin texniki göstəricilərinə əsasən, istifadə olunan mexanizmdən asılı olaraq prototiplərin gücü 7–25 Vt və 15–40 Vt arasında dəyişir. Modulyar quruluş sistemi genişləndirməyə və enerji istehsalı imkanlarını artırmağa şərait yaradır.
Layihə tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsinə, mühəndislik və innovasiya bacarıqlarının inkişafına, eləcə də alternativ enerji texnologiyalarına marağın artırılmasına xidmət edir.
ATU-da bu cür təşəbbüslərin həyata keçirilməsi praktiki yönümlü təhsilin inkişafına və tələbələrin innovativ ideyalarının real texnoloji həllərə çevrilməsinə imkan yaradır.
Qeyd edək ki, layihənin şəhərin insan sıxlığı yüksək olan ərazilərində tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə müvafiq təkliflərin aidiyyəti qurumlara təqdim olunması nəzərdə tutulur. Belə ərazilərdə qurğunun tətbiqi insan addımlarından əldə edilən enerjinin ictimai məkanların işıqlandırılmasında istifadəsinə imkan yarada bilər.