Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirin açılışında ATU-nun rektoru Yaşar Ömərov çıxış edərək Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin qorunmasının, onun siyasi irsinin və azərbaycançılıq ideologiyasının yaşadılmasının əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirilən çağırışların milli maraqların qorunması, dövlət təhlükəsizliyinin təmin olunması və ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılması baxımından əhəmiyyətinə diqqət çəkib. Rektor, həmçinin bu ideoloji xəttin gənc nəslə aşılanmasının, tələbələrin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik düşüncəsinə malik və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edib.

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbirdə çıxış edərək ideoloji işin yalnız təbliğatla məhdudlaşmadığını, dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Azərbaycançılıq məfkurəsinin cəmiyyətdə daha da möhkəmləndirilməsinə xidmət edən mühüm istiqamət olduğunu qeyd edib. O, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi sabitliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və Azərbaycanın strateji inkişaf hədəflərinin reallaşdırılması istiqamətindəki xidmətlərinə diqqət çəkib. Bayram Aslanov, həmçinin partiyanın Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanan siyasi xəttinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin davamlı inkişafı, milli birlik və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş direktoru Rövşən Veysov, universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, İnsan resursları şöbəsinin müdiri, tarix elmləri namizədi İlham Əlizadə, Humanitar Elmlər və Multikulturalizm kafedrasının əməkdaşı Hüseyn Budaqov, və Rəqəmsal sistemlər və dəqiq elmlər kafedrasının əməkdaşı Zərdan Səmədov da çıxış edib.

Çıxışlarda dövlət siyasətinin prioritetləri, ölkənin inkişaf strategiyası, gənclərin ictimai-siyasi həyatda fəallığı, milli-mənəvi dəyərlərin qorunması və müasir çağırışlar fonunda qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.