Xəzərdən Avropaya uzanan marşrut: Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Avrasiya məkanında alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb. Xüsusilə Yaxın Şərqdə və dəniz daşımalarında müşahidə olunan risklər fonunda Orta Dəhliz beynəlxalq yükdaşımalarının etibarlı istiqamətlərindən biri kimi ön plana çıxır. Bu marşrutun əsas həlqələrindən biri olan Azərbaycan isə nəqliyyat və logistika infrastrukturunu yeni tələblərə uyğun genişləndirməyə davam edir. Şuşada keçirilən IV Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycanın son illərdə məhz bu istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Dövlət başçısının sözlərinə görə, ölkə coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək beynəlxalq nəqliyyat bağlantılarının inkişafına uzunmüddətli investisiyalar yatırıb, müasir infrastruktur yaradıb və qonşu dövlətlərlə əməkdaşlığı genişləndirib. Ölkə başçısı qeyd edib ki, hazırda dünyada baş verən geosiyasi proseslər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırır.
"Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq".
Cənab Prezident bildirib ki, artan yük axını mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsini zəruri edib. Bu baxımdan Xəzər dənizində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı forumda çıxışı zamanı liman infrastrukturunun genişləndirilməsi ilə yanaşı, Azərbaycanın dəniz daşımaları imkanlarının da artırıldığını bildirib. Onun sözlərinə görə, hazırda ölkənin gəmiqayırma zavodunda Avropa istiqamətində yükdaşımalarını gücləndirmək məqsədilə 10 yeni gəmi inşa edilir. Ölkə rəhbəri, həmçinin Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə əməkdaşlığın Orta Dəhlizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
IV Şuşa Qlobal Media Forumunda səsləndirilən bu fikirlər göstərir ki, qlobal nəqliyyat marşrutlarında baş verən dəyişikliklər fonunda Azərbaycan tranzit potensialının gücləndirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Xəzərdəki limanın genişləndirilməsi, yeni gəmi parkının formalaşdırılması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi ölkənin Orta Dəhlizdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Texnologiya Universiteti
Mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova