Azərbaycan Texnologiya Universitetində (ATU) “Agro Dairy” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin artırılması, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə təşkil olunan görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşdə ATU-nu elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov, universitet-sənaye əlaqələri üzrə müşavir Rövşən Əliyev, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov təmsil edib.
“Agro Dairy” şirkətini isə İdarə Heyətinin üzvü, insan resursları üzrə baş direktor Fatimə Tağıyeva, Mərkəzi insan resursları şöbəsinin rəhbəri Rauf İsmayılov, sahə meneceri Bəxtiyar Səfərov, işə qəbul üzrə mütəxəssis Nuranə Süleymanova və marketinq mütəxəssisi Leyla Acalova təmsil ediblər.
Görüşün sonunda ATU ilə “Agro Dairy” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tələbələrin istehsalat təcrübəsi proqramlarına cəlb olunması, birgə təlim və seminarların təşkili, müasir təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsi, məzunların şirkətin namizəd bazasına daxil edilməsi və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Eyni zamanda, sənəd çərçivəsində universitetdə “Agro Dairy”nin mühazirə otağının yaradılması, davamlı öyrənmə prinsipinə əsaslanan ixtisasartırma proqramlarının təşkili, həmçinin qida məhsulları texnologiyası sahəsində innovativ yeniliklərin istehsalata tətbiqi də nəzərdə tutulur.