Azərbaycan Texnologiya Universitetində (ATU) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası – WUF13 barədə məlumatlandırma məqsədilə Avtomatika, telekommunikasiya və informatika fakültəsinin (ATİ) tələbələri üçün infosessiya təşkil edilib. Tədbirin əsas məqsədi tələbələri dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan WUF13 haqqında məlumatlandırmaq, onların forumun yaratdığı imkanlarla yaxından tanış olmasını təmin etmək olub.

İnfosessiyada ATİ fakültəsinin dekanı Rövşən Hacıyev, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımov da iştirak edib. Tədbirdə kfedranın əməkdaşları Ayidə Məmmədova və Aysel Vəliyeva çıxış edərək forumun mahiyyəti, əsas məqsədləri və beynəlxalq əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, WUF13 dayanıqlı şəhər inkişafı, innovativ urbanizasiya həlləri, rəqəmsal transformasiya, “ağıllı şəhər” konsepsiyası və ekoloji davamlılıq kimi aktual mövzuları əhatə edən mühüm beynəlxalq platformadır.

Çıxışlarda forumun Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olduğu vurğulanıb, eyni zamanda bu cür tədbirlərin gənclərin qlobal proseslərdə iştirakına, yeni bilik və təcrübələr əldə etməsinə geniş imkanlar yaratdığı diqqətə çatdırılıb. Tələbələrə forum çərçivəsində keçiriləcək panel müzakirələri, sərgilər, innovasiya təqdimatları, startap və texnologiya yönümlü tədbirlər barədə məlumat verilib, xüsusilə informasiya texnologiyaları və rəqəmsal həllərlə bağlı mövzuların ATİ tələbələri üçün maraqlı və faydalı olacağı qeyd olunub.

Tədbir zamanı tələbələrin sualları cavablandırılıb, onların forumda iştirak imkanları, könüllülük proqramları və beynəlxalq mühitdə təcrübə qazanma perspektivləri barədə fikir mübadiləsi aparılıb.