Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın ikinci günü uğurla davam edib.
Beynəlxalq Elmi-Praktik Konfrans Qida mühəndisliyi və texnologiyaları; Süni intellekt, elektronika və informasiya texnologiyaları; Tekstil, yüngül sənaye və dizayn; Maşınqayırma, nəqliyyat və logistika; Metallurgiya mühəndisliyi; Rəqəmsal iqtisadiyyat və idarəetmə; Turizm sənayesinin təşkili; Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf; Fundamental elmlər; Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid formatda təşkil olunub.
Bölmələrə ATU-nun alimləri sədrlik edib, həmsədr qismində isə Polşa, İsveç, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.
Konfrans çərçivəsində bölmələr üzrə məruzələr dinlənilib, müasir elmi-texnoloji tendensiyalar müzakirə olunub və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin, Türkiyənin Ege Universitetinin Biokimya kafedrasının müdiri Cenk Selcukinin tələbələr üçün seminarı təşkil edilib.
Qeyd edək ki, tədbir 25 ölkə, 88 universitet, 22 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub. Konfrans materialları toplusuna 767 (154-ü xaricdən) tezis qəbul edilib.