Əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş tədbirlərin sistemli icrasını təmin etmək məqsədilə Azərbaycan Texnologiya Universiteti (ATU) ilə ölkənin aparıcı sənaye müəssisələrindən biri olan “AzerGold” QSC arasında birgə fəaliyyət planı hazırlanıb. ATU və “AzerGold”-un əməkdaşlığı çərçivəsində tərtib edilən birgə fəaliyyət planı 2025-ci ili əhatə edir.
Fəaliyyət planında “AzerGold”un təklifi əsasında birgə elmi-tədqiqat işlərinin aparılması, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin “AzerGold”da istehsalat təcrübəsinin təşkili, “AzerGold” tərəfindən təşkil olunan layihələrə ATU tələbələrinin cəlb olunması, birgə ustad dərslərinin və seminarların keçirilməsi, ATU-nun karyera sərgilərində “AzerGold”un iştirakı, “AzerGold” əməkdaşlarının tədrisə cəlb olunması, “AzerGold”un ehtiyaclarına uyğun olaraq müvafiq ixtisaslar üzrə tədris planlarına bəzi fənlərin daxil edilməsi və universitetin tələbə heyətinin “AzerGold”un hasilat sahələrinə tanışlıq turlarının təşkili öz əksini tapır.
Bu əməkdaşlıq SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə xidmət edir. Tələbələrin istehsalat təcrübəsinə cəlb olunması onların əmək bazarına inteqrasiyasını asanlaşdırır. Sənaye və təhsil əlaqələrinin güclənməsi praktiki biliklərin artırılmasına imkan yaradır. Bu isə iqtisadi inkişaf üçün vacib insan kapitalını formalaşdırır.