Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçıların elmi fəaliyyətinin inkişafına dəstək məqsədilə növbəti təlim təşkil olunub.

Tədbiri universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov giriş sözü ilə açaraq təlimin əhəmiyyətindən bəhs edib, tədqiqatçıların beynəlxalq elmi platformalardan səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb və təlimçini iştirakçılara təqdim edib.

“Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda təlim daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın təqdimatı ilə davam edib.

Təlim zamanı iştirakçılara Web of Science platformasının imkanları, o cümlədən müxtəlif elmi resursların vahid sistemdə birləşdirilməsi, geniş axtarış və filtr funksiyaları, etibarlı istinad metrikləri və müəllif profillərinin idarə olunması barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma tədqiqatçılara geniş axtarış və filtr imkanları, etibarlı istinad metrikləri, müəllif profillərinin idarə olunması, eləcə də analitik alətlər vasitəsilə elmi fəaliyyətlərini daha effektiv şəkildə təşkil etməyə şərait yaradır. 

Eyni zamanda, təlim çərçivəsində Web of Science tədqiqatçı profillərinin üstünlükləri, vahid identifikasiya sistemi, elmi nəticələrin izlənməsi və görünürlüyün artırılması imkanları izah olunub. Jurnalların seçimi və qiymətləndirilməsi meyarları, o cümlədən redaksiya və təsir göstəricilərinə əsaslanan kriteriyalar iştirakçıların diqqətinə çatdırılıb. 

Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr üzərindən izahlar aparılıb.