Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun növbəti maarifləndirici təlimi keçirilib.

Təlimi universitetin psixoloqu Fərqanə Həsənova aparıb. O, iştirakçılarla gənclərin sağlam həyat tərzini qoruması, düzgün seçimlər etməsi və gələcək planlarını təhlükəsiz mühitdə formalaşdırması barədə faydalı biliklərini paylaşıb.

“Gələcəyimizi Birlikdə Düşünək: Narkomaniyaya ‘Yox’ deyək” mövzusunda keçirilən təlim zamanı tələbələr narkotik vasitələrin fərdi və sosial həyatlarına vurduğu mənfi təsirləri, zərərli vərdişlərdən uzaq qalma yollarını və sağlam həyat tərzinin önəmini öyrəniblər. Təlim interaktiv müzakirələr və real həyat nümunələri əsasında təşkil olunub, iştirakçıların mövzuya aktiv qatılması təmin edilib.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsi, onların sağlam gələcək qurmaq istiqamətində maarifləndirilməsidir.