Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun növbəti təlimi təşkil olunub.
Təlimi universitetin psixoloqu Fərqanə Həsənova aparıb. O, iştirakçılarla şəxsi inkişaf, məqsəd müəyyənləşdirmə və gələcək planlarının qurulması sahəsində öz peşəkar tövsiyələrini bölüşüb.
“İnsan Gələcəyini Necə Qurmalı” mövzusunda keçirilən təlim zamanı tələbələr məqsədyönlü düşüncə, strateji planlama və fərdi prioritetlərin müəyyənləşdirilməsi barədə praktiki biliklər əldə ediblər. Təlimçi həmçinin real həyat nümunələri əsasında uğurlu gələcəyin formalaşmasında vacib faktorları izah edib.
Görüş interaktiv formatda keçərək iştirakçıların aktiv sual-cavab müzakirələrində iştirak etməsinə şərait yaradıb və tələbələr gələcək hədəflərini daha səmərəli planlaşdırmaq üçün faydalı tövsiyələr alıblar.